Rejissor Samir Qulamovun ekran həyatı verdiyi “Mən klounam” filminin təqdimat mərasimi keçirilib.
Sonxeberler.info xəbər verir ki, Park Cinema Flame Towers-də baş tutan filmin qala gecəsinə ekran işinin yaradıcı heyəti, sənət aləminin tanınmış simaları qatılıb. Qırmızı xalı üzərinə keçən aktyor heyəti öz təəssüratını bölüşüb.
“Mən klounam”da baş rollardan birini ifa edən Şəhriyar Əbilov filmin seviləcəyinə inandığını deyib: “Həyatımda ən mühüm gündür. Dostlarım, bizə dəstək olmağa gəlib. Bir ayın içində filmi çəkdik. Müasirlikdən uzaqdır. Biz sevgini hansı problemlər söndürə bilir, onu göstərməyə çalışmışıq. Mən kasıb, sənətini sevən aktyoru canlandırıram. Filmdə mesaj maddiyyatın üstün olmamasını göstərməkdir. “Hamının tanıdığı aktyor, heç kimin başa düşmədiyi adam” sözləri hər şeyi ifadə edir. Ona sevdiyi qadın “Meyitini bir gün qrim otağında güllərin arasında tapacaqlar” deyir. Bu sözlər sevən insan üçün dəhşətlidir. Filmin çəkilişinə böyük məbləğ sərf edilməyib. Əminəm ki, tamaşaçıların dəstəyi ilə o məbləği qazanacayıq”.
Aktrisa Aynur Əbilova “Fiziki məhdudiyyətli gənc qızın uğursuz məhəbbəti və həyatından bəhs edir. Ağır dramadır. Inanırıq ki, tamaşaçılar bizə dəstək olacaq”, - deyib.
Daha sonra aktyorlar qonaqlarla birlikdə filmi izləyib. Ekran işi alqışlarla sona çatıb.
Qeyd edək ki, təqdimata qatılanlar arasında Ədalət Şükürov, Cabir İmanov, Yaşar Cəlilov, Talıb Tale, Yaşar Yusub, aparıcılar Lamiyə Ələkbərqızı, Vüsalə Kərimova, Afaq Gəncəli, Nərgiz Vahabqızı, Oksana Rəsulova və başqaları olub.








