Ötən gün “Tayson” filminin təqdimat mərasimi keçirilib.
Sonxeberler.info xəbər verir ki, Elşən Orucov, Elməddin Cəfərov, Tərlan Nur Yaşar, Kamran Ağabalayev, Orxan Mərdan, Zarina Qurbanovanın rol aldığı filmin qala gecəsinə şou və mədəniyyət dünyasının tanınmış simaları qatılıb.
Nümayişdən öncə qonaqlar üçün furşet təqdim olunub və xoruz-konfetlər paylanılıb. Daha sonra ekran işinin yaradıcı heyəti qırmızı xalı üzərindən keçib və öz təəssüratlarını bölüşüb.
Ekran işinin prodüseri İlham Qasımov bildirib ki, sevilən simaların bir araya gəldiyi ekran işinin seviləcəyini düşünür: “Biz film çəkməyə qərar verəndə düşündük ki, əgər, bu aktyorlar sevilirsə, deməli ekran işi qəbul olunacaq. Soruşurlar ki, niyə “Tayson”? İstədik ki, insanlara maraqlı olsun və gəlib izləsinlər. Sadəcə onu deyə bilərəm ki, Tayson adam deyil. Düşünün ki, baş qəhrəmanımız baytardır”.
Aktyor Elməddin Cəfərov isə ekran işində baytar obrazını canlandırdığını deyib: “Baytarı canlandırıram. Amma heyvanlardan qorxuram. Pişiyə öyrəşsəm də, it və xoruzdan çəkilişlər bitənə kimi qorxdum. Hər şey gözəl alındı”.
Hər zaman komediya filmlərində rol alan Elşən Orucov mafiya obrazının öhdəsindən məharətlə gəldiyini bildirib: “Posterə baxanda gördüm ki, zəhmli insana oxşayıram. Sanki, mən deyiləm. Mafiya obrazını canlandırmışam. Düşünürəm ki, rolumun öhdəsimdən gəmişəm”.
Aktrisa Zarina Məmmədova təəssüratlarım əla olduğunu və ekran işi üçün görünüşümü dəyişdirildiyini qeyd edib.
Qeyd edək ki, komediya janrında çəkilən filmin rejissoru Babək Şirinsifətdır.
E. Muxtarov
Sonxeberler.info





