SON DƏQİQƏ

"Qardaşı Mirşahin Ağayevin yaxşı əlaqələrinin olduğunu deyirdi" - dələduzluq işi

Tarix:25-12-2017, 16:37

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev hakim qarşısına çıxarılıb.

Sonxeberler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Novruz Kərimovun sədrlik edib.

Məhkəmə prosesində 4 zərərçəkmiş dindirilib. Zərərçəkmişlər qeyd ediblər ki, Mirəddin Ağayev onları polisə və ASAN xidmətə işə düzəldəcəyini vəd edib.

Zərərçəkmiş Məmmədmirzə Tağıyev dindirilərkən söyləyib ki, təqsirləndirilən şəxs onu tikintiyə işə düzəltmək adı ilə ondan hissə-hissə 10 min manat pul alaraq qaytarmayıb.

O, həmçinin deyib ki, M.Ağayev qardaşı Mirşahin Ağayevin də adından istifadə edib: "Mirəddin Ağayev qardaşı Mirşahin Ağayevin yaxşı əlaqələrinin olduğunu deyirdi. Bu işdə mənə köməklik edəcəyini söylədi. Pulları da qardaşının adından istifadə edərək aldı".

Təqsirləndirilən M.Ağayev bəzi epizod üzrə ittihamları rədd edib.

Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq ötən ilin noyabrında başlayıb. Məlumata görə, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.

İxtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.

 

E.Muxtarov

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN