Azəbaycan Beynəlxalq Bankının (ASC) vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan növbəti prosesdə şahid qidsmində Elvin Cavadov ifadə verib. Şahid bildirib ki, təqsirləndirilən H.Cavadovla qohumdur.
"2008-2017-ci illərdə çalışdığım firmada aylıq maaş alırdım. Orada həm sürücü işi, həm də digər işlərlə məşğul olurdum. Sürücülük işim rəsmi deyildi. Sənədlərə mən imza atmamışam. Bu barədə heç bir məlumatım yoxdur".
Təqsirləndirilən H.Cavadov sənədlərə özünün imza atdığını, qohumunun bundan xəbərsiz olduğunu deyib: "Mən rayonda bir çox dövlət obyektlərinin tikilməsinə nəzarət etmişəm. Qohumum da yanımda çalışıb".
Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.
Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.