Təhsil Nazirliyinin sabiq əməkdaşının məhkəməsi davam etdirilib.
Sonxeberler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin əməkdaşı olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən S.Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan Aytəkin Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 9 il cəza istəyib.
S.Mansurova 5 dil bilir, 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib.
İttihama görə, təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinirlər. S.Mansurova Aytəkin Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.
Aralarında yaran münasibətdən sonra Aytəkin Bağırova ona işə düzəltmək üçün adam tapmasını istəyib. A.Bağırova vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyibmiş. S.Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün A.Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.
Qeyd edək ki, S.Mansurova həbsdədir. A.Bağırova barəsində isə həbs-qətimkan tədbiri seçilməmişdi. O, ev dustaqlığında idi.