Mehriban Zeynalova: “Qadının zorakılığa zorakılıqla cavab verməsi, kişini öldürməsi çox ciddi siqnaldır”
Bu günlərdə Bakının Sabunçu rayonunda 23 yaşlı qadının 29 yaşlı ərini döyərək öldürməsi ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrildi.
Xatırlatma üçün bildirək ki, 1 və 2 yaşlı iki körpəsi olan Tünzalə Vəliyeva əri Nazim Vəliyevi özünü müdafiə edərkən öldürdüyünü deyib. Gənc qadının sözlərinə görə əri demək olar ki, hər gün onu döyürmüş. Bu haqda dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edib. Lakin göründüyü budur ki, hüquq mühafizə orqanları vaxtında hadisənin qarşısını alacaq lazımi tədbirlər görməyib. Gənc qadın saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.
Qadın müxtəlif yerlərdə günəmuzd işləyən ərinin hər gün evə içkili gəldiyini, bu əməllərindən bezdiyini və onu öldürmək niyyəti olmadığını deyib: “Məni hər gün döyürdü, təhqir edirdi. Dünən də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım”.
Qeyd etdiyimiz kimi bu hadisə ictimaiyyətdə geniş müzakirələrə yol açdı. Xüsusən də sosial şəbəkələrdə hadisə müzakirələrə çıxarıldı. Böyük əksəriyyət ölən kişinin öz əməllərinin qurbanı olduğunu, qadının bu işdə heç bir günahı olmadığını qeyd etdilər. Tanınmış ictimaiyyət nümayəndələri, müəyyən statusa, nüfuza malik qadınların reaksiyası isə daha gözlənilməz oldu. “Əcəb oldu”, “O cür kişilər ölümə layiqdir” kimi fikirlərin səslənməsi, hadisəni sanki sevinclə qarşılamaları bir qədər çaşqınlıq yaratdı. Maraqlıdır, cəmiyyətin bu cür reaksiyası nədən qaynaqlanır?
Bəzi ekspertlərin fikrincə, buna səbəb son illərdə cəmiyyətimizdə qadınlara qarşı məişət zorakılıqlarının artması, bəzən heç bir səbəb olmadan ailə-məişət zəminində qətlə yetirilmələridir. Mətbuatda, mediada ayda bir neçə dəfə öldürülən, zorakılığa məruz qalan, intihara əl atan qadınlarla bağlı məlumatlar yayılır. Səbəbkarlar isə daha çox keçmiş ərlər, keçmiş sevgililər, indiki ərlər, qardaşlar var.
Statistik məlumata görə, təkcə ötən il ölkəmizdə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib ki, onlardan 807 nəfəri qadındır. Məişət zorakılığı nəticəsində 51 nəfər ölüb ki, onun 29 nəfəri qadın olub. Həmin qadınlardan 1-i 18 yaşınadək, 1-i isə hamilə olub. Qəsdən adamöldürmə nəticəsində 55 nəfər zərər çəkib ki, bunun 33 nəfəri qadındır. Ölən 46 nəfərdən isə 26-sı qadın olub. Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub. Qəsdən adam öldürmə cinayətindən zərərçəkən 55 nəfərin 33-ü, adam öldürməyə cəhd cinayətindən zərərçəkən 22 nəfərin 18-i qadın, adam öldürmə həddinə çatdırma halında isə zərərçəkənlərin 3-ü qadın olub.
Ümumiyyətlə ötən il ən çox müzakirə edilən və narahatlıq doğuran məsələ qadın qətlləri ilə bağlı olub. Ardı-arası kəsilməyən, vəhşicəsinə törədilən qətllər artdıqca sosial şəbəkələrdə “qadın qətllərinə dur“ demək üçün kampaniyalar başladıldı. Qadın təşkilatları problemin həlli üçün hüquq-mühafizə orqanlarına müraciətlər etdi, ictimaiyyətin ən tanınmış nümayəndələri sosial şəbəkələrdəki kampaniyalara qoşuldu. Qadın qətllərini absurd səbəblər ilə əlaqələndirənlər isə cəmiyyətin özü tərəfindən qınanılmağa başladı.
Bütün bunlar onu göstərir ki, ölkədə qadınlara qarşı zorakılıq var, məişət zorakılığı da ciddidir və bunlara tez-tez yol verilir. Bu haqda Birləşmiş Millətlər Təşkilatı öz mövqeyini bildirib. Qurumun sonuncu hesabatında vurğulanıb ki, mövcud qanunvericilik qadınları gərəkli səviyyədə mühafizə etmir, məhkəmə ədalətli araşdırmır, adətən barışdırır, cinsi təcavüzə qadağalar gərəkli qədər səmərəli deyil, zorakılıq qurbanlarına dövlətin yardım xidmətləri məhduddur. Məlum olduğu kimi bu işlərlə demək olar ki, daha çox bir neçə QHT-lər məşğul olur.
BMT-nin bununla bağlı tövsiyəsində bildirilir: “Dövlət qadınlara qarşı zorakılığın bütün formalarının qarşısını almaq, onunla mübarizə aparmaq üçün öz səylərini gücləndirməlidir. Məişət zorakılığı, cinsi təcavüzün aydın qanunlarla cinayət sayılmasını, habelə onun səmərəli işləyişini təmin etməli, qurbanların müdafiəsi üçün səmərəli mexanizm yaratmalı, hüquq-mühafizə orqanlarını məişət zorakılığı halları ilə bağlı hesabatlılığa təşviq etməli, eyni zamanda təlimləndirməlidir. Həm qadınlar, həm zorakılıqla mübarizə aparanlar üçün bütün zorakılıq hallarının dərhal və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması təmin olunmalıdır”.
Ekspertlər də qeyd edirlər ki, qadınlara qarşı zorakılıqlar, qətllər aradan qaldırılmazsa, bu günlərdə Sabunçu rayonunda baş verən olay artan tendensiya üzrə gedəcək.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzuya bu cür münasibət bildirdi: “Əslində bu xoşa gəlməyən bir tendensiyadır. Yəni zora zorakılıqla cavab vermək və yaxud üstünlüyü zorla əldə etmək, kiminsə həyatının məhvindən zövq almaq, sevinmək, bu çox pis haldır və mən bunu çox pisləyirəm. Təbii ki, qadına qarşı zorakılıq mövcuddur və bununla bağlı rəsmi statistika da var, gündəlik həyatımızda da müşahidə edir, görürük. Amma baş vermiş hadisədə kimsə müzakirə etmir ki, bu xanım zorakılığa məruz qaldığı halda rəsmi qurumlara müraciət edibmi, onun ailəsinə dəstək üçün istiqamət olubmu? Təbii ki, qeyri-adekvat hallarda baş verən və yaxud özünü müdafiə edərkən törədilən qətl hadisələri olur və bu dünyanın hər yerində baş verir. Amma məsələnin kökü başqadır. Yəni, bu zorakılıq ola bilsin ki, uzun müddətli davam edib və qadın heç bir mütəxəssisə müraciət etməyib. Əgər bir mütəxəssis bu ailədəki münaqişəyə müdaxilə etmiş olsaydı, bu gün həmin faciəni yaşamazdıq və iki körpəsi olan gənc qadın həbsxanaya düşməzdi”.
Mehriban Zeynalova məsələ ilə bağlı medianı da qınayıb: “Mən bu işdə TV-ləri qınayıram ki, problemlə bağlı reklam çarxları vermirlər. Yəni qadınlar bilməlidirlər ki, qarşılaşdığı zorakılıqla bağlı hara müraciət edə bilərlər. Və yaxud icra hakimiyyətlərinin nəzdində komissiyalar var. Əgər hadisəni törədən xanım həmin komissiyaya müraciət edibsə, niyə mütəxəssislər onu istiqamətləndirməyiblər? Təbii ki, mütəxəssislər psixoloq deyil, amma onlar şəxsi istiqamətləndirə bilərlər. Polis bu məsələdə yardım göstərən tərəf deyil. Yəni olay zamanı şəxsin aldığı xəsarət ağır olmasa təbii ki, hər hansı bir cəza tədbiri görülmür. Fikir verin, gərək xəsarət ağır olsun ki, onu törədən şəxs həbs olunsun. Söhbət ondan gedir ki, burada istiqamətləndirmə məsələsi mövcud deyil. Əgər polis qadını icra hakimiyyətinə göndərsəydi və icra hakimiyyəti mövcud mərkəzlərlə məlumatlı olsaydı bu ailəyə müdaxilə olunardı və bəlkə də olay qətl hadisəsi törədilmədən aradan qaldırılardı. Problem istiqamətləndirilməlidir. Ola bilsin ki, polisin mərkəzlərlə bağlı xəbəri yoxdur. Bəzən qurum kimi polis idarələrinə gedir, bildiririk ki, belə bir mərkəzimiz var, əgər problem olarsa bizə istiqamətləndirin. Bu zaman görürük ki, bir çox polis idarələrinin bu cür qurumlardan xəbəri yoxdur. Bunun üçün də qeyd etdim ki, TV-lər bu məsələlərdə geniş maarifləndirici işlər görə bilər. Amma hazırda TV-lər bununla bağlı çox passiv roldadır”.
Mehriban Zeynalova onu da qeyd etdi ki, son bir ildə artıq bir neçə dəfədir ki, qadınlar zorakılığa zorakılıqla cavab verir: “Bu cür faktlar var, artıq. Və bu, onu göstərir ki, özünümüdafiə və zorakılığa zorakılıqla cavab vermək tendensiyası yaranıb, artmaqdadır. Bu cür hadisələr baş verəndə sosial şəbəkələrdən görürük ki, olaya “bravo” deyənlər, qətl törədən qadını dəstəkləyənlər var. Amma bir daha qeyd edirəm ki, bu cür faktları çox pisləyirəm. Ümumiyyətlə qadının zorakılığa zorakılıqla cavab verməsi, kişini öldürməsi çox ciddi siqnaldır”.