SON DƏQİQƏ

"Dedi ki,"Qaçqınkom"un işçisiyəm" - qaçqınları ev verəcəyi ilə aldadan qadının cinayət işi

Tarix:10-11-2017, 12:26

Qaçqın və məcburi köçkünlərə qarşı dələduzluq edən qadın hakim qarşısına çıxarılıb. O, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") çalışdığını deyərək vətəndaşların etibarını qazanıb.

SonXəbrlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Quliyeva Sitarə Eldar qızının cinayər işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məlum olub ki, Sitarə Quliyeva Füzuli rayonundan olan məcburi köçkünlərə qarşı dələduzluq edib. O, etibarını qazandığı şəxslərə qaçqın və məcburi köçkünlər üçün Bakıda tikilən binalardan ev almağa kömək edəcəyini deyib. Bu məqsədlə də vətəndaşlardan müxtəlif məbləğlərdə pullar alıb.

Bu iş üzrə zərərçəkmişlər Nəzirə Kazımova, İlqar Əhmədov, Rafiq Quliyev, Xuraman Quliyeva və Əlövsət Qaraşovdur. Bu gün baş tutan prosesdə şahid qismində Sitarə Quliyevanın atası Eldar Quliyev ifadə verib.

O, qızının əməllərindən sonradan xəbər tutduğunu söyləyib. Amma qizının aldığı pulları hara xərcləməsindən xəbərsiz olduğunu deyib: "Hadisədən çox gec xəbər tutmuşam. 2015-ci ildə bildim ki, belə bir hadisə var. Bunu özü mənə dedi. Söylədi ki, borc almışam. Amma pulları almasının səbəbini soruşmadım. Qorxusundan demədi də. Sonra pulları Oqtay adlı şəxsə verdiyini dedi".

Hakim E.Quliyevdən qızının əməllərindən necə xəbərsiz olması haqda soruşub. Şahid deyib ki, qızı ailəli olduğundan onun işinə qarışmayıb. Məhkəmədə məlum olub ki, S.Quliyeva həyat yoldaşından ayrılıb və bir azyaşlı övladı ilə valideynlərinin yanında yaşayır.

Hakim zərərçəkmişlərə dəymiş ziyanın ödənilib-ödənilməməsi ilə bağlı şahidə sual verib və əlavə edib ki, bu günə qədər ümumi dəymiş zərərin 27500 manatından 7500 manatı ödənilib.

Bəzi zərərçəkmişlərlə təqsirləndirilən şəxs arasında dəymiş zərərin ödənilməsi ilə bağlı fikir ayrılığı yaranıb. Məhkəmədə iştirak edən zərərçəkmiş İlqar Əhmədov ona dəymiş 3 min manat zərərin min manatının ödənildiyini deyib. Amma zərərçəkmiş tərəf 2 min ödənildiyini söyləyib.

Sitarə Quliyevanın atası deyib ki, 1500 manatı şəxsən özü İlqar Əhmədova verib. Qızı isə 500 manatı İlqar Əhmədovun oğluna verib.

Zərərçəkmiş şəxs isə qız və atasını yalan danışmaqda ittiham edib: "Eldarla görüşəndə dedi ki, maşınını satıb, pulumu verəcək. Amma maşını satıb, başqa şəxsə verdi. Mənə də cəmi min manat qaytarıb. 2500 manatımı tələb edirəm".

Məhkəmədə əlavə şahid qismində zərərçəkmişlərdən Xuraman Quliyevanın oğlu Elvin Quliyev ifadə verib. E.Quliyev deyib ki, zərərçəkmiş kimi anası tanınsa da Sitarə Quliyeva ilə özü görüşüb, pulu da şəxsən ona verib: "Belə bir məsələ olanda evdə məsləhətləşdik. 3 otaqlı ev almaq üçün 5500 manat verdim. Pulu da bankdan götürmüşəm. Masazırda və digər yerlərdə qaçqınlar üçün tikilən binalardan ev verəcəkdi. Özünü "Qaçqınkom"un işçisi kimi təqdim eləyirdi. "Qaçqınkom"un sədri Əli Həsənovun bacanağının işçisi olduğunu deyirdi. Evləri onun payladığını söyləyirdi. Həmin evləri bizə göstərəndə gizlənirdi. Deyirdi ki, görürlər. Mən bu söhbətlərdən sonra başa düşdüm ki, bizi aldadır. Tələb elədim ki, pulu qaytarsın. Min manat verdi. Hissə-hissə də min manat verdi. Qalan 3500 manatı almamışam".

Bu epizod üzrə də tərəflərin fikri üst-üstə düşməyib. Təqsirləndirilən Sitarə Quliyeva pulu qəpiyinə qədər qaytardığını deyib: "Pulu "Xətai" metrosunun yanında almışam. Bunu etiraf edirəm. Sonra da maşınımı satıb qəpiyinə qədər qaytardım. Axı digər borcları qəbul edirəmsə, bunu niyə etiraf etməyim?"

Elvin Quliyev isə verdiyi puldan sadəcə 2 min manatını aldığını söyləyib.

Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən Sitarə Quliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan təsbiri seçilib.

Bildirək ki, təqsirləndirilən şəxs və zərərçəkmişlər Füzuli rayonundan məcburi köçkündürlər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN