Qızını öldürməkdə təqsirləndirilən qadının növbəti məhkəməsi keçirilib.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülnarə Sayfullayevanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edib.
Təqsirləndirilən şəxsin anası rus, atası isə ləzgidir. G.Sayfullayeva təhsilinin olmadığını, 6-cı sinifə qədər oxuduğunu söyləyib və bir qızının olduğunu bildirib. Sayfullayeva qızını öldürmədiyini söyləyib.
Məhkəmədə şahid qismində Seymur Guləliyev ifadə verib. O, söyləyib ki, eyni kənddə yaşayıblar. Səs-küy eşidəndə çölə çıxıb.
"Yoldaşım dedi ki, Luzia yoxdur. Onu axtarıb evdən tapdılar. Halı pisləşdiyi üçün xəstəxanaya apardılar. Sonra ölümü barədə bunları eşitdim"- deyə şahid söyləyib.
Şahid Gülnarə Sayfullayevanı bir neçə dəfə gördüyünü söyləyib. Məhkəmədə digər şahid Zeybulla Ələsgərov ifadə verib. Z.Ələsgərov qoyun otardığını və Gülnarə Sayfullayevanı da orada gördüyünü deyib.
Dövlət ittihamçısının suallarından məlum olub ki, hər iki şəxs hal şahidi olub. Onlar G.Sayfullayevanın uşağına verdiyi iddia edilən dərmanın götürülməsində iştirak ediblər.
Daha sonra məhkəmədə G.Sayfullayeva sərbəst ifadə verib. O, deyib ki, anası onun uşağını qəbul etmirmiş. Ata evinə gedəndə anası ona deyirmiş ki, uşağı gətirməsin.
G.Sayfullayeva qeyd edib ki, hadisə günü uşağın süd içdiyini görüb: "Tanrıya and olsun ki, mən onu zəhərləməmişəm. Səhvən özü bunu içib. Mən özümü öldürərdim, amma uşağı yox. Anamla münasibətimiz yaxşı deyildi. Mən ona lazım deyildim. Psixoloji əziyyət çəkirdim. 16 yaşımda ana olmuşam. Anam uşağı qəbul eləmədi, mənə kömək eləmədi. Bakıdan bir qadın gəlmişdi. Anam uşağı ona vermək istəyirdi".
Suallara cavab verən G.Sayfullayeva istintaqda uşağını öldürməsini etiraf edən ifadə verməsini izah edə bilməyib. Dövlət ittihamçısı söyləyib ki, G.Sayfullayevanın əri polisə zəng edib və arvadının uşağını öldürdüyünü deyib. G.Sayfullayeva buna görə birinci ərinin həbs edilməli olduğunu söyləyib. O, qeyd edib ki, uşağı tərkibində zəhər olan südü içən zaman yanında heç kim olmayıb.
Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsinin başlandığı elan edilib. Ekspertiza rəylərində qeyd edilir ki, 5 yaşlı Luiza südə qatılmış zəhərə görə dünyasını dəyişib və G.Sayfullayeva hadisəni törədən zaman anlaqlı vəziyyətdə olub.
Məhkəmə istintaqı başa çatıb. Növbəti proses noyabrın 8-nə təyin edilib.
Bildirək ki, bu dəşhətli hadisə Qusarda baş verib. Rayonun Hil kəndində yerləşən fermada yaşayan Gülnarə Sayfullayeva qızı, 2012-ci il təvəllüdlü Sayfullayeva Luizanı zəhərləyib.
Qətl hadisəsi baş verərkən yayılan məlumatda bildirilirdi ki, 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb.