40 qəpik pul istədiyi tanışını bıçaqlayan şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirli bilinən Elşən Bəndəliyevdir.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən E.Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafede baş verib. Elşən Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra mübahisə zamanı xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub.
Daha sonra hadisə yerindən qaçan Elşən Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməyib. O, bir neçə dəfə istintaqdan yayınıb.
Elşən Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib.
O, bildirib ki, bıçaq tanışına təsadüfən dəyib: "Kafedə ondan pul istədim. Münasibətlərimiz çox yaxşı idi. 40 qəpik pul götürdüm. Həmin vaxt bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı".
Xagırladaq ki, E.Bəndəliyev məhkəmə başlayanda ev dustaqlığında idi. Prokuror vəsatət verərək təqsirləndirilən şəxsin məhkəmə iclaslarından yayınma ehtimalının ola biləcəyini deyərək barəsində həbs qətimkan tədbirinin seçilməsini istəmişdi.
Hakimlər kollegiyası vəsatəti təmin edərək Elşən Bəndəliyevin məhkəmə zalımda həbs edilməsi barədə qərar çıxarmışdı.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinir.