Qubada iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə və digər cinayət əməllərini törətməkdə təqsirləndirilən Məmmədov Soltan Mübariz oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Müşfiq Məmmədov deyib ki, təqsirləndirilən şəxs onun əmisinin nəvəsidir. O, hadisənin şahidi olmadığını deyib.
"Qohumlardan eşitdim ki, Müşfiq adam vurub. Hadisə yerinə getdim. Yaralıları xəstəxanaya aparmışdılar. Soruşanda dedi ki, söyüş üstündə olub. Soltan bir az içkili idi. Amma içki düşkünü deyil. Onunla qardaş kimi olmuşuq. Məclisdən məclisə içib. Dava-dalaşa meyilli biri deyil"- deyə şahid bildirib.
Qeyd edək ki, S.Məmmədov Qubada tanışları Səfərəliyev Murad və Kiçikbəyov İsmayılla mübahisə edib və onların ikisini də bıçaqlayıb.
Cinayət işi materiallarında qeyd edilir ki, S.Məmmədov zərərçəkmişlərdən Murad Səfərəliyevin sağlamlığına ağır, İsmayıl Kiçikbəyovun sağlamlığına isə yüngül zərər vurub.
Hadisə zamanı S.Məmmədova orta dərəcəli şərxoş olub. Dava içkili olan tanışlar arasında yaranmış mübahisə ilə başlayıb.
Qeyd edək ki, Soltan Məmmədov Cinayət Məcəlləsinin 29.120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228 (qanunsuz olaraq soyuq silah saxlama) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham edilir.