SON DƏQİQƏ

Çayxanaya qanunsuz qaz çəkilişi - əmioğlular niyə düşmən oldu...

Tarix:28-09-2017, 12:30

İki əmioğlu arasındakı dava məhkəməyə qədər uzanıb. Onlar arasındakı dava isə qeyri-qanuni çəkilmiş qaz xəttinə görə başlayıb. Qohumlar arasındakı bu ilginc dava Şamaxı rayonunda baş verib.

Rəsmi ittihama görə Elxan Alxanov Şamaxı rayonu Sabir qəsəbəsində yaşadığı evin həyətindəki çayxanaya qeyri-qanuni qaz xətti çəkibmiş. Qaz xəttini kəsmək, qaz təminatını dayandırmaq üçün E.Alxanovun obyektinə “Azəriqaz” İstehsalat Birliyinin qaz istismarı idarəsinin Şamaxı Xidmət Sahəsinin əməkdaşları gəlib. Onlar qeyri-qanuni qaz xəttini kəsmək istəyiblər. Kiçik mübahisədən sonra “Azəriqaz” əməkdaşları işlərini görüb, qaz xəttini kəsiblər.

Əmioğludan şübhə...

Daha sonra Elxan Alxanov zənn edib ki, bu barədə “Azəriqaz” əməkdaşlarına məlumatı onunla bir kənddə yaşayan və Şamaxı Xidmət sahəsinin Təbii Qazın Qəbulu və Satış Xidmətində işləyən əmisi oğlu Qurban Alxanov verib.

E.Alxanov heç bir əsaslı səbəb olmadan əmisi oğlunu nalayiq ifadələrlə söyüb təhqir edib. Qohumuna qarşı zor tətbiq edib. O, Qurban Alxanovu yumruq-təpik və daşla vuraraq xəsarətlər yetirib, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq edib.

Bu hadisə qohumları demək olar ki, düşmən edib. Qurban Alxanov onu döyən əmisi oğlundan şikayətçi olub.

İş məhkəməyə qədər uzanıb...

Törətdiyi əmələ görə Elxan Alxanov barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və Şamaxı Rayon Məhkəməsinin hökmü 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

E.Alxanov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab edilib və 2 il sınaq müddəti müəyyən edilib.

1982-ci il təvəllüdlü Elxan Alxanov ailəlidir, himayəsində 3 uşağı var, ali təhsillidir və fərdi əməklə məşğul olub. O, əvvəllər məhkumluq həyatı yaşamayıb.

Döyülən əmioğlu ağır cəza istəyir...

Zərərçəkmiş Qurban Alxanov bu qərardan razı qalmayıb. Qurban Alxanov onu döyən əmisi oğlu barəsində daha ağır cəza təyin edilməsi üçün apellyasiya məhkəməsinə müraciət edib.

İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Qurban Alxanov apellyasiya şikayətində hökmdən Cinayət Məcəlləsinin 70- ci (şərti) maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric edilməsini və təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edib.

Məhkəmədə təqsirləndirilən şəxs də ifadə verib. O, zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilməməsini istəyib. Dövlət ittihamçısı da çıxışında apellyasiya şikayətinin əsassız olduğunu və təmin olunması üçün heç bir əsasın olmadığını bildirib.

Məhkəmədə məlum olub ki, Elxan Alxanov əmisi oğlu Qurban Alxanovla barışıq əldə etməyə çalışıb. Amma onun cəhdləri cavabsız qalıb.

Hakim Vidadi Cəfərovun sədrlik etdiyi məhkəmə kollegiyası zərərçəkmiş şəxsin şikayətinin təmin edilməməsi ilə bağlı qərar çıxarıb.

Təqsirləndirilən şəxs şəhid ailəsinin üzvüdür...

Kollegiya yekun qərarda aaşağıdakıları qeyd edib:

“Cəza təyini zamanı Elxan Alxanov törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olub. Onun himayəsində iki nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Şəhid ailəsidir və yaşayış yerindən müsbət xarakterizə olunur. O, zərərçəkmiş şəxslə barışmağa cəhd edib. Cəzanı ağırlaşdıran hallar yoxdur və birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar gəldiyi nəticə doğrudur”.

Məhkəmə kollegiyası qərarında qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir.

Yekun qərarla Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmiş tərəfin şikayətini təmin etməyib əvə Şamaxı Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN