Abşeronda yaşlı qadının mənzilinə qanunsuz olaraq daxil olub, protez dişlərini də oğurlayan şəxslərin məhkəməsi keçirilib.
Sonxeberler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və oğurluqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Heydər Əhmədov və 1984-cü il təvəllüdlü Elbrus Məmmədovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Səbuhi Hüseynov sədrlik edib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda qeyd edilir ki, təqsirləndirilən şəxslər 1 may 2017-ci il tarixində Abşeron qəsəbəsində Dürdanə Abbasovanın mənzilinə qanunsuz olaraq daxil olublar.
Onlar mənzil sahibini döyərək xəsarət yetiriblər. Evdə tək olan yaşlı qadının qızıl protez dişlərini, nağd pulunu götürüblər. İttihama görə, onlar mənzil sahibinə 615 manat zərər vurublar.
Onlar digər cinayət əməlini isə Zamirə Abıyevaya qarşı törədiblər. Təqsirləndirilənlərdən Elbrus Məmmədov Z.Abıyevanın çantasından mobil telefonunu oğurlayıb.
Elbrus Məmmədov Cinayət Məcəlləsinin 181 (quldurluq), Heydər Əhmədov isə 177 (oğurluq) və 181 (quldurluq) maddələri ilə ittiham edilir.
Hər iki şəxs məhkəmədə özlərini təqsirli bildiklərini və peşman olduqlarını deyiblər.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər daha əvvəl də xuliqanlıqla həbs ediliblər.
Daha sonra zərərçəkmiş Dürdanə Abbasova ifadə verib. Onun sözlərinə görə, hadisə zamanı xəsarətlər alıb.
"Evə girəndə bunlardan cavan olanını gördüm. Vallah, elə pis oldum ki. Məndən pul istədilər. Dedilər, torpaq satmısınız, pul verin. Amma biz torpaq satmamışdıq. 7-8 ay əvvəl qardaşım torpaq satmışdı",- deyə zərərçəkmiş bildirib.
O əlavə edib ki, əgər təqsirləndirilən şəxslər ona xəsarət yetirməsəydi, şikayətçi olmayacaqdı: "400 manatlıq oğurluq olub. Protezi dişimi də çıxarıb masanın üstünə qoymuşdum. Hamısını aparıblar. Mən bunları görəndə ağladım ki, bu cavan uşaqdı ki, niyə belə edirlər. 4 min manatımı da aparsaydılar şikayətçi olmayacaqdım. Amma mən onlara müqavimət göstərə bilmədiyim halda məni vurdular, xəsarət yetirdilər".
Zərərçəkmiş qadın təqsirləndirilən şəxslərə qanununa uyğun cəza verilməsini istəyib.
Məhkəmədə şahid qismində zərərçəkmiş qadının qardaşı Qardaş Məmmədli də ifadə verib. O, bacısı ilə qonşu olduğunu və səs-küydən sonra hadisə yerinə gəldiyini söyləyib.
E.Muxtarov