Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 45 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmədə əvvəlcə dövlət ittihamçısı çıxış edib. Bildirib ki, P.Cəbrayılovun əməli məhkəmə istintaqı dövründə sübuta yetirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlini etiraf etdiyini, polisə könüllü təslim olduğunu söyləyib. Prokuror hər iki halın yüngülləşdirici hal kimi qiymətləndirilməsini və P.Cəbrayılova 10 il 6 ay müddətinə həbs cəzası verilməsini istəyib.
Müdafiə tərəfi də P.Cəbrayılova yüngül cəza verilməsini xahiş edib. P.Cəbrayılov da son sözündə əməlindən peşman olduğunu bildirib və məhkəmədən aşağı həddə cəza verilməsini istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən P.Cəbrayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında baş verib. Göyçay rayon sakini, 45 yaşlı Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.
Onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar. Mərhumun bir övladı var. O, kafedə işləyirmiş. Tikintidə fəhlə işləyən Paşa ilə də həmin kafedə tanış olub.
Hadisəyə səbəb Paşanın sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnməsi olub. Paşa Z.Rəhimovanı boğaraq qətlə yetirib və polisə təslim olub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
P.Cəbrayılov məhkəmədə deyib ki, qətlə yetirdiyi şəxs onun ailə üzvlərini, qadın qohumlarını təhqir edib. Deyib ki, qardaşları onları cəzalandırar. Bu təhqirlərə görə P.Cəbrayılov qeyd edilən cinayət əməlini törətdiyini söyləyib. Daha sonra rayona, atasının evinə gedib. P.Cəbrayılov atası ilə birlikdə polisə gedib.