SON DƏQİQƏ

"Kəndə şəhid gələndə məndən 5 min manat aldı" - sabiq bələdiyyə sədrinin məhkəməsi

Tarix:22-08-2017, 11:48

Sabiq bələdiyyə sədri hakim qarşısına çıxarılıb. O, vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.

Musavat.com xəbər verir ki, Abşeron rayonunun Məhəmmədli kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş İlham Həmidov torpaq sahəsi almaq üçün Vaqif Nəbiyevə 15 min dollar verdiyini deyib. O, bildirib ki, sabiq bələdiyyə sədrini qohumu vasitəsi ilə tanıyıb: "Onu 2015-ci ildə tanımışam. Qohumum Müsəllimin ofisində görüşdük. Vaqif Nəbiyevi mənə bələdiyyə sədri kimi təqdim etdi. Sonra tanış olduq. Torpaq sahəsi almaq üçün danışdıq. 2016-cı ilin may ayında 15 min dollar verdim. Qarşılığında 30 sot torpaq alacaqdım. Amma sonra eşitdim ki, onu həbs ediblər. Bilmirəm, bəlkə də həbs edilməsəydi, torpağın sənədlərini verəcəkdi. Pul lazım olduğunu dediyi üçün əvvəldən verdim".

İ.Həmidov bildirib ki, 15 min dolları notariusda Vaqif Nəbiyevə verib. Aralarında da borc müqaviləsi imzalayıblar. Sabiq bələdiyyə sədri isə pulu sadəcə borc olaraq aldığını deyib və yaxın zamanda qaytaracağını söyləyib.

Zərərçəkmiş İlham Həmidov isə deyib ki, heç kim bir neçə ay ərzində tanıdığı şəxsə 15 min dollar borc verməzdi: "Borc müqaviləsi bağlamışıq. Qarşılığında isə torpaq verəcəkdi. Niyə heç nədən ona pul verməli idim?"

Sabiq bələdiyyə sədri borcu İlham Həmidovdan yox, onun qohumu Müsəllim adlı şəxsdən istədiyini deyib: "Amma pulu mənə İlham Həmidov verdi".

Hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxslərin hamısı məhkəmədə dinlənilib. Onlardan Rasim İsmayılov məhkəməyə məktubla müraciət edərək dəymiş zərərin ödənildiyini, heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Məhkəmədə iştirak edən zərərçəkmiş Rüfət Talıbov isə məhkəməyə yeni mülki iddia təqdim edib.

O, bildirib ki, sabiq bələdiyyə sədri ondan əlavə olaraq 5 min manat alıb: "Kəndə şəhid gəlmişdi. Bələdiyyə sədri də məndən pul istədi. 5 mini verdim, amma qaytarmadı. 23800 manat isə torpaq almaq üçün verdim. İndi həmin torpaq sahələrindən istifadə edə bilmirəm. Tələbim 28800 manatdır".

Məhkəmənin növbəti iclasında iş üzrə tanınmış şahidlər ifadə verəcək.

Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurması, pullarını mənimsəyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasnda xanım iş adamı Ülviyyə Abdalova da var. Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını, bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN