Külli miqdarda oğurluqda təqsirləndirilən şəxsə hökm oxunub.
Sonxeberler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Ağayev Səlim Mirzərza oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Samir İbrahimovun 40 min dollarını oğurlamaqda təqsirləndirilən S.Ağayev ittihamla razılaşmadığını deyib. Məlumata görə, Səlim Ağayev oğurluq etdikdən sonra pulu geri qaytarmaq istəyib. Bu məqsədlə də pulu dostuna verdiyini deyir. Lakin dostu Səlim Ağayevin istəyini yerinə yetirmətyərək pulu ələ keçirib.
Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunan Səlim Ağayev zərərçəkmiş Samir İbrahimovla razılıq əldə etmək istəyib. Amma zərərçəkmiş ona edilən təkliflə razılaşmayıb.
Zərərçəkmiş S.İbrahimov məhkəmədə deyib ki, Səlim Ağayev həbsxanadan ona zəng edərək 10 min manat ödəyə biləcəyini deyib.
"Mən pulumun əpiyinə qədər ödənməsini istəyirəm. Ona görə də razılaşmadım" - deyə zərərçəkmiş bildirib.
S.Ağayev isə deyib ki, hazırda bu məbləği ödəyə bilər: "Mən xahiş etdim ki, 10 mini verim. Qalan hissəsini də çıxdıqdan sonra hissə-hissə ödəyim. Axı mən içəridə olsam, pulu kimdən alacaq? Məhkəmədə aydın oldu ki, bu iş mənim başıma necə gəlib. Günahım olmasa da ödəməyə bu şərtlə razıyam".
Məhkəmə tərəfləri dinlədikdən sonra müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmə əsasən S.Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib.