Masallıda 33 yaşlı kişini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, ötən gün rayonun Şatıroba kənd sakini 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyevə bıçaqla üç zərbə vuraraq ölümünə səbəb olmasında şübhəli bilinən 17 yaşlı gənc Masallı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Mahmudavar kənd sakini olan şəxs istintaqa verdiyi ifadəsində T.Quliyevlə aralarında mübahisə yarandığını, qarşı tərəfin söyüş söydüyünü, bu səbəbdən də ona üç bıçaq xəsarəti yetirdiyini bildirib.
Xatırladaq ki, 33 yaşlı T.Quliyev səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində tapılıb. Üç bıçaq zərbəsi alan yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı xəstəxanada vəfat edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.