SON DƏQİQƏ

Bakı sakinini döyüb telefonunu əlindən aldılar

Tarix:8-08-2017, 15:08

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittiham olunan 33 yaşlı İqor Zubov və 30 yaşlı Alevtin Potapovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, İqor Zubov uşaqlıq dostu Alevtin Potapovla əlbir olaraq ötən ilin dekabr ayının 26-da gecə saatlarında Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində qonşu məhəllədə yaşayan Fərhad Rüstəmovun qarşısını kəsərək ondan siqaret və pul tələb edib. F.Rüstəmov pulu olmadığını dedikdə isə İqor Zubov onun mobil telefonlarını güclə dartaraq əlindən alıb. Telefonları geri istədikdə F.Rüstəmovu döyərək hadisə yerindən qaçıblar.

Təqsirləndirilən İqor Zubov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bacısıgilin yanında yaşadığını, fərdi evlərdə usta işlədiyini, hərdən spirtli içki qəbul etdiyini, hadisə baş verən gün də içkili olduğunu göstərib: “Qonşu məhəllədə yaşayan Fərhadı çağırıb siqareti olub-olmadığını soruşdum. Siqaret almaq üçün 1 manat pul istədikdə pulu olmadığını dedi. Əlimi salıb şalvarının cibini axtardım, telefonunu götürdüm ki, zəng vuram. Telefonu talamaq niyyətim yox idi, özümə məxsus sim-kartı salıb danışacaqdım. Fərhad mənimlə mübahisə etməyə başladı. Bu zaman Alevtin yaxınlaşıb Fərhadı itələdi. Fərhad da qaçıb getdi. Ondan götürdüyüm mobil telefonu 20 manata satdım”.

Təqsirləndirilən Alevtin Potapov ifadəsində Rusiyanın Samara şəhərində anadan olduğunu, amma uşaqlıqdan Bakıda yaşadığını, fəhləlik edərək çörəkpulu qazandığını göstərib: “İqorla bir məktəbdə oxumuşuq, dost olmuşuq. Həmin gün mağazadan araq və kolbasa alıb parkda oturub yeyib içdik. İkimiz də sərxoş idik. İqor qabaqda, mən də onun arxasınca gəlirdim. Binanın qarşısında İqor tanışı Fərhad adlı şəxsə yaxınlaşdı. Onların hal-əhval tutduqlarını zənn etdim. Baxdım ki, bloka girdilər. Onların arxasınca bloka sarı gələndə səs-küy eşitdim, gördüm ki, Fərhad İqorun gödəkçəsindən yapışıb. İqoru döymək istədiyini fikirləşib ona sillə vurdum. Fərhad qaçıb getdi. Həmin vaxt yerdə qara telefon var idi. İqor telefonun Fərhada məxsus olduğunu və qaytaracağını dedi. Fərhad çox zaman binanın tinindəki internet-klubda olurdu. Telefonu qaytarmaq üçün ora gəldik. Ancaq Fərhadı orada tapmadıq. Ertəsi gün polis əməkdaşları məni polis bölməsinə aparanda məlum oldu ki, İqor telefonu satıb”.

Zərərçəkmiş şəxs qismində dindirilən Fərhad Rüstəmov ifadəsində göstərib ki, axşam saatlarında evə gedərkən İqor ona yaxınlaşıb, pulu olub-olmadığını soruşub: “Yanında bir nəfər tanışı da var idi. Pulum olmadığını dedikdə “üstündə nəyin var?” deyə xəbər aldı, gödəkçəmin ciblərini axtardı. Əlini kənara itələdikdə məni yumruqla vurdu, telefonumu götürdü. Arxasınca gedib telefonumu geri istədikdə yanındakı oğlan da məni vurdu. Sonra binanın üçüncü blokuna salıb orada döyməyə başladılar. Birtəhər əllərindən çıxıb qaçdım. Telefonumu geri almaq üçün iki gün axtarsam da, onları tapa bilmədim. Ona görə də, ərizə ilə polisə müraciət etdim”.

Məhkəmə prosesi davam edir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN