6 tələbənin öldüyü qəzaya görə həbs edilən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib. Məhkəmə prosesində qəza zamanı zərərçəkmiş tələbələr və dünyasını dəyişən tələbələrdən birinin valideyni ilk dəfə iştirak edib.
Qəza zamanı dünyasını dəyişən İbrahim Quliyevin atası, hüquqi varisi kimi tanınan Vüqar Quliyev məhkəmədə zərərçəkmiş kimi ifadə verib. O, deyib ki, hadisədən əvvəl qəzaya səbəb olan sürücünü tanımayıb. V.Quliyev qəzadan sonra xəstəxanaya gəldiyini və orada xəbər tutduğunu bildirib. V.Quliyev sürücünün 6 ailənin həyatını məhv etdiyini deyib.
O, məhkəmədə özünü saxlaya bilməyib, təqsirləndirilən şəxsi təhqir edib və göz yaşlarını saxlaya bilməyib: "Ömrümə bir gün qalsa da səni məhv edəcəm. Kasıbçılıqla övlad böyütmüşdük. Anası yataq xəsrəsi olub".
Məhkəmədə zərərçəkmiş tələbə Amani Abbas ifadə verib. O, deyib ki, sürücünü ötən ilin sentyabr ayından tanıdığını və onun idarə etdiyi maşınla universitetə getdiyni deyib.
Sərbəst ifadə verən A.Abbas deyib ki, sürücü Sumqayıt yolunda yaşıl rəngli "Ford" markalı maşını sağdan ötdükdən sonra öz yoluna qayıtmaq istəyib: "Öz yoluna qayıtmaq istəyəndə qəza oldu. Sürət yüksək idi. İdarəetməni itirdi. Hər gün 20-25 nəfər minirdik. Qəzadan sonra olanları xatırlamıram. Artıq huşumu itirmişdim".
Digər zərərçəkmiş valideynlərin suallarını cavablandıran A.Abbas bildirib ki, sürücü daha əvvəl də maşını yüksək sürətlə idarə etdiyi üçün ona xəbərdarlıq ediblər ki, sürət həddini azaltsın. A.Abbas təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini istəyib.
Təqsirləndirilən Namiq Hüseynov zərərçəkmişə sual verib: "Mən həmişə sizə xəbərdarlıq edirdim ki, vaxtında gəlin ki, gecikməyək. Yolda da sakitliyə riayət edilmirdi. Sən də təsdiqləyirdin ki, bunlara söz deməyin xeyri yoxdur".
Digər ifadə verən zərərçəkmiş isə Aytən Cəfərova olub. O, qəza zamanı olanları xatırlamadığını deyib. A.Cəfərova tələb və şikayətinin olmadığını deyib. O, suallara cavabında söyləyib ki, maşına minən sərnişinlərin sayı çox olub və onların bir hissəsi ayaq üstə gedirmiş.
N.Hüseynov yaranan suallara cavabında bildirib ki, "Ford"da 14 nəfərlik yer olub, amma əlavə oturacaqlar quraşdırılıb.
"Bəzi tələbələr boş yer olanda da oturmurdular. Söhbət edə-edə ayaq üstə gedirdilər. Nə yalan deyim, necə olanları boynumdan atım?" - deyən N.Hüseynov bir sərnişinə görə 60 qəpik ödəniş aldığını söyləyib.
Məhkəmədə zərərçəkmiş tələbələrdən Emin Həmidov təqsirləndirilən şəxsə sual verib: "Sən bizə dedin ki, "tez gedək ki, bir nəfər yol polisi var, onun vaxtına düşməyək". Həm də deyirdi ki, "çox adam götürsəm də cəriməsini ödəyirəm". Özü deyirdi ki, ayda 200 manat ödəyir".
N.Hüseynov isə cavabında deyib ki, artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat cərimə ödəyib. Zərərçəkmiş tələbə Emin Həmidov ifadəsində bildirib ki, 20 yanvarda tələbələri maşına mindirmək üçün sürücülər arasında tez-tez mübahisə olurmuş. E.Həmidov onlara barışıq üçün müraciət edildiyini, amma şikayətçi olduğunu və ədalətli cəza verilməsini istədiyini qeyd edib.
Məhkəmədə zərərçəkmiş Azadə Mədətzadə ifadə verib. O, sürücünün sürətli sürməsindən heç vaxt şikayətçi olmadığını deyib. A.Mədətzadə şikayət və tələbinin olmadığını deyib.
Zərərçəkmiş tələbə Xavər Fərzəliyeva da məhkəmədə ifadə verib. O, 3 ildir eyni yolu getdiyini və həmin gün də maşında dərs oxuduğunu deyib: "Maşının sürətli getdiyini bilmirdim. Maşının silkələndiyini gördüm. Qızların qışqırmağını eşitdim. Sonra gözümü xəstəxanada açdım".
O, da şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmədə Namiq Hüseynovun vəkili Şirin Atayev hakimdən icazə üçün vaxt istəyib. Başqa prosesi olduğunu deyib. Hakim isə icazə verməyib.
Təqsirləndirilən N.Hüseynov isə vəkilindən imtina etdiyini deyib. O, vəkilin məhkəmədə yatdığını deyib: "Mənimlə görüşməsini istədim, gəlmədi. Ötən prosesdə də yatmışdı. Mən qəza törətmişəm və cəzasını da çəkəcəm. Siz isə necə vəkilsiniz və məni necə müdafiə edirsiz? Siz də vicdanınız qarşısında cavab verəcəksiniz. Mən vəkildən imtina edirəm".
Vəkil də təqsirləndirilən şəxsi müdafiə etmək istəmədiyini deyib. Hakim tərəflərin tələbini nəzərə almayaraq prosesi davam etdirib.
Xatırladaq ki, hadisə bu il martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.