Məscidin həyətindəki bıçaqlaşmaya görə məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxsin psixoloji problemi var imiş.
Bakı Ağır Cinayətlər Məhkəməsində məscidin həyətində tanışını bıçaqlamaqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Faiq Davudovun məhkəməsi keçirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, F.Davudov həyat yoldaşı, 1953-cü il təvəllüdlü Fəridə Davudovanın başqa şəxslə sevgili olduğundan şübhələnib. Həmin şəxs 1994-cü il təvəllüdlü Kamran Məmmədov olub.
F.Davudov Kamranla arvadının sevgili olmasından şübhələndiyi üçün Bülbülə qəsəbəsində yerləşən Cümə məscidinin həyətində onu kürəyindən bıçaqlayıb. Ekspertin rəyinə görə, F.Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.
F.Davudov özünü təqsirli bildiyini deyib: "Kamranı vurmuşam, cinayətlə məşğul idi. Papaq söhbətidir, namus məsələsidir".
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı F.Davudova bildirib ki, bıçaqlanan Kamranla arasında hər hansı münasibət olmayıb.
Zərərçəkmiş K.Məmmədov isə ifadəsində deyib ki, internatda böyüyüb. O, hadisə baş verən məsciddə xidmətçi işlədiyini deyib: "Anam rəhmətə gedib, atam həbs olunub. Faiqi oğlu Salehə görə bağışlayıram. O, mənə çörək verib".
Məhkəmədə məlum olub ki, Faiq Davudovun oğlu hadisə baş verən məscidin axundu Saleh Davudovdur.
Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kameradan video görüntülərə baxıb: "Atam qəfildən Kamranı bıçaqladı. O, ruhi xəstədir, evdə müalicə olunurdu, yaşlı olduğu üçün xəstəxanaya aparmadıq".
Hakim bildirib ki, F.Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. Həmin zaman ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.
Məhkəmə istintaqı tamamlandıqdan sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Faiq Davudovun psixoloji müalicə alması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə qərar çıxarılıb.
Sonxeberler.info