İki qardaş hakim qarşısına çıxarılıb. Onlar adam öldürməyə cəhddə ittiham edilirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən iki qardaşın - Kamran və İmran Yusifzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Qardaşlardan Kamran özünü qismən, İmran isə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmədə zərərçəkmiş Rəhman Səlimova ifadə vermək üçün söz verilib. Məlum olub ki, zərərçəkmiş şəxs R.Səlimov hadisədən əvvəl qardaşlardan Kamran Yusifzadəni bıçaqlayıb, həmin cinayət işi isə ayrıca icraata ayrılıb.
Zərərçəkmiş R.Səlimov dindirilən zaman bildirib ki, Kamran Yusifzadəni daha əvvəl söyüş üstündə bıçaqlayıb: "Məhəllədə bərbərxanada oturmuşduq. Orada Elxanla Elmir də var idi. Birdən səs gəldi. Baxanda Kamranla İmranı gördüm. Sonra İmran içəri daxil oldu, məndən qardaşını niyə vurduğumu soruşdu. Kamran isə çöldə qapının qarşısında dayanmışdı. Bu zaman Kamran içəri daxil oldu və məni bıçaqla vurdu. Mən yerə yıxıldım, daha heç nə görmədim. Beş bıçaqdan biri ayağıma girdi".
Zərərçəkmiş hadisə zamanı İmran Yusifzadənin onu bıçaqla vurduğunu görmədiyini deyib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını söyləyib.
Kamran Yusifzadə ifadəsində bildirib ki, hadisədən əvvəl Rəhman Səlimov onu dizindən bıçaqlayıb: "Sonra onunla söhbətə tək getdim. Qardaşım orada olmayıb. Söhbət zamanı Rəhmanı bıçaqladım".
İmran Yusifzadə də dindirilən zaman hadisə yerində olmadığını deyib: "Mən ora gələndə çox adam yığışmışdı. Hadisə zamanı orada olmamışam".
Məhkəmə iclası aprelin 17-də davam edəcək.
Hadisə ötən il Bakının Suraxanı rayonu ərazisində baş verib. Rayonun Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında yerləşən bərbərxanada qəsəbə sakini, 1990-cı il təvəllüdlü Səlimov Rəhman İlham oğlu təvəllüdlü Kamran və qardaşı İmran Yusifzadə ilə mübahisə edib.
Hər iki qardaş mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. Onlar R.Səlimova bir neçə bıçaq zərbəsi endiriblər. Qardaşlar barəsində Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Sonxeberler.info