SON DƏQİQƏ

Tovuzdakı mübhəm qətl işinin istintaqı dalana dirənib

Tarix:5-04-2018, 09:18

Tovuzda bu il fevralın 24-də baş verən dəhşətli qətlin üstü açılmaq bilmir. Hüquq-mühafizə orqanlarının gərgin iş aparmasına rəğmən rayonun Mərdan Musayev küçəsindəki evlərində öldürülən Fərman Məmmədovun və həyat yoldaşı Pakizə Mirzəyevanın qatillərinin izinə düşmək hələlik mümkün olmayıb. Ər-arvadın qətlində şübhəli bilinən xeyli şəxs dindirilməyə çağırılsa da, istintaq qətlin açılmasında ipucu ola biləcək məlumatlar əldə etməyib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda da əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yada salaq ki, qətllə bağlı dindirilən şübhəlilər arasında Ruhiyyə adlı gənc qadın da vardı. Başqa şübhəli şəxs qismində istintaqa cəlb edilən şəxs “Krokodil” ləqəbli xalça alverçisi Mahir adlı şəxs də olub. O,  Tovuzun Xatınlı kənd sakinidir. Saxlanılanlar arasında mərhum Fərman Məmmədovun oğlu Fərid Məmmədovun dostlarının olduğu haqda da iddialar var. Bir başqa şübhəlinin Şəmkir sakini olduğu barədə də məlumat yayılmışdı. Qətlə yetirilən Fərman Məmmədovla Pakizə Mirzəyevanın meyitləri aşkar edilərkən onların hər ikisinin əlləri “skoç”la bağlı olub. Şübhəli şəxslərdən biri də olaydan əvvəl rayonun “Xatınlı döngəsi” adlanan ərazidəki marketdən “skoç” alarkən təhlükəsizlik kameralarına düşüb. İstintaq bu detalı da araşdırırdı. Belə ehtimallar vardı ki, ər-arvadı qətlə yetirən dəstədə Fərman Məmmədovun ölümündən az əvvəl Rusiyanın Soçi şəhərində daşınmaz əmlak satdığını, həmin satışdan əldə edilən pulun evdə saxlandığı haqda məlumat olub. Onlar ər-arvadı vəhşicəsinə öldürdükdən sonra evin altını üstünə çevirmişdilər. Lakin pulları tapa bilməmişdilər. Hadisədən sonra istintaqçılar qətlin baş verdiyi evin baxçasında torpağa basdırılmış dəmir seyf aşkar etmişdilər. Evə od vurmaqla cinayətin izini itirməyə çalışsalar da, məhkəmə tibb-ekspertləri ər-arvadın bədəni üzərindəki xəsarətlərin ölümlərindən az əvvəl onlara yetirildiyi haqda rəy vermişdilər. Bu rəy isə onların qətlə yetirilməsinə dəlalət edirdi.

Tovuzda dəhşətli qətl ile ilgili görsel sonucu

Daha bir maraqlı detal ondan ibarətdir ki, qətl törədilən gün mərhumların oğlu Fərid Məmmədov rayon mərkəzində yaşayan qardaşıgildə gecələyib. Belə güman olunur ki, qatillərin bu detaldan da xəbəri olub.

Olaydan sonra belə bir xəbər də yayılmışdı ki, cinayətkarların hadisə yerinə gəldikləri avtomobilin dövlət nömrə nişanı da saxta olub. Xatırladaq ki, qətlə yetirilən Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin bacısıdır. P.Mirzəyeva Tovuz şəhər poliklinikasının həkimi olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120 2.7-ci (2 və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda əməliyyat istintaq tədbirləri davam etdirilir.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN