Kürəkənini bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə müşavirədən sonra işin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edərkən təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirini də dəyişib. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində olan Gündüz Hüseynov məhkəmə zalında həbs edilib.
Məhkəmə belə qənaətə gəlib ki, məntəqə tipli cəzaçəkmə müəssisəsi qapalı olmadığından G.Hüseynov ağır cinayət törətdiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməlidir.
Məlumata görə, G.Hüseynov qohumu Rəfayel İsmayılovu bıçaqlayıb.
G.Hüseynov məhkəmədən həbs edilməməsini xahiş edib. O, deyib ki, kürəkəni ilə barışıb və əməlindən peşmandır.
Məhkəmənin baxış iclası martın 30-na təyin edilib.
Qeyd edək ki, G.Hüseynov Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3 (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilir.
Sonxeberler.info