Dönəri araqla içmək istəyən şəxs 3 nəfərə xəsarət yetirib. Qəsdən sağlamlığına zərər vurmaqda təqsirləndirilən Saleh Şahverdiyev növbəti dəfə hakim qarşısına çıxarılıb.
Sonxeberler.info xəbər verir ki, bu cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutub.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror Saleh Şahverdiyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da, sərxoş vəziyyətdə “Şamaxinka”adlanan ərazidə “Tantuni köz dönər” restoranına nə gəlib.
O, özü ilə gətirdiyi arağı içmək istəyərkən restoran işçiləri ona xəbərdarlıq edib.
Ofisiant Fərid Ağayev Saleh Şahverdiyevə araq içməyin qadağan olduğunu bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. S.Şahverdiyev konyak şüşəsi ilə Fərid Ağayevin boyun nahiyyəsinə zərbə endirib.
Restorandan çıxarılan Saleh Şahverdiyev bıçaq çıxararaq digər işçi Qədir Məmmədova bıçaqla zərbə vurub. O, hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Qədir Məmmədovla restorana gələn Alı Alıyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq zərbəsi vurub.
Məhkəmədə danışan Saleh Şahverdiyev ittihamlar üzrə özünü təqsirli bilməyib.
Sərbəst ifadə verən S.Şahverdiyev heç kimi vurmadığını və özünü müdafiə etdiyini söyləyib. Şahverdiyev Alı Alıyevi də bıçaqlamaq niyyətinin olmadığını deyib.
Daha əvvəl də xuliqanlıq əməlinə görə məhkum həyatı yaşayan Saleh Məmmədov indi isə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham edilir.
Sonxeberler.info