Qətl törədən şəxs hakim qarşısına çıxarılıb. Yeyib-içmək dostları düşmən olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elmira Mürsəlova ifadə verib.
Bildirək ki, təqsirləndirilən R.Məmmədov istintaqa verdiyi ifadəsində hadisəni törətdiyini deyib. Amma R.Məmmədov məhkəmədə fərqli ifadə verib. Deyib ki, istintaqda ifadə verən zaman yaddaşı yerində olmayıb. O, mərhumu yumruqla vurduğunu etiraf etsə də cinayəti törətmədiyini bildirib.
Cinayət işində daha bir nəfərin adı keçir. Qətli törətməkdə şübhəli bilinən Aleksandr adlı şəxs təqsirləndirilən Rəcəb Məmmədovun qonşusu olub. R.Məmmədov söyləyib ki, hadisə zamanı Aleksandr onun evində olub. Qətli törədən şəxs də Aleksandırdır.
Təqsirləndirilən şəxs söyləyib ki, mərhum Fərhad Mehdiyevlə yaxın münasibəti, tanışlığı olmayıb. Həmin gün Fərhadı və Aleksandırı evinə içki içmək üçün dəvət edib.
Şahid Esmira Mürsəlova şübhəli şəxs kimi adı keçən Aleksandrın bacısıdır. O, söyləyib ki, qardaşı həmin gecə evdə olub: "Mən evdə qadağa qoymuşam. Gecə saat 10-dan sonra gələn şəxsi evə buraxmıram. Amma Aleksandr həmişə evdə vaxtında olub. Heç vaxt gecikməyib. Qardaşım həmin gün 21:30-da evdə olub. Həmin gün mən işdən gələndə Aleksandr artırmada siqaret çəkirdi. Biz evə girəndən bir neçə dəqiqə sonra qardaşım da evə daxil oldu".
E.Mürsəlova suallara cavabında təqsirləndirilən şəxsi tanımadığını söyləyib. Qardaşının içki içib-içməməsi haqda da suallara cavab verən E.Mürsəlova belə deyib: "Qardaşım içki içir. Amma heç kimə ziyan verən adam deyil. Gedib öz otağında yatır. O, pensiya alır. Heç yerdə də işləmir. Elə vaxt olur ki, günlərlə evdən çıxmır".
Digər şahid isə Rəna Qeybullayeva olub. O, işdə adı keçən Aleksandrın bacısı qızıdır. O da hadisə günü dayısı Aleksandrın evdə olduğunu söyləyib. Hətta günlərlə evdən çıxmadığını qeyd edib.
Amma təqsirləndirilən Rəcəb Məmmədov buna etiraz edib. Deyib ki, istintaq zamanı müstəntiq Aleksandrı tapa bilmirmiş: "Müstəntiq dedi ki, neçə gündür, Aleksandr tapılmır".
Şahid Rəna Qeybullayeva bu ittihamı rədd edib. Söyləyib ki, istintaq zamanı müstəntiq onunla əlaqə saxlayıb və dayısı Aleksandrı soruşub: "Mən işdə idim. Dayımı soruşanda dedim ki, evdədir. Sonra danışanda bildim ki, müstəntiq dayımla görüşüb".
Məhkəmədə əsas şahid, adı şübhəli şəxs kimi çəkilən Aleksandr Karuxin ifadə verib.
O, söyləyib ki, hadisə günü Rəcəb və Fərhadla içki içiblər: "Parkda içki içdik. Rəcəb turşu, xiyar da almışdı. İçəndən sonra ayrıldıq. Mən evə getdim. O da öz evinə getdi. Sonra olanlardan xəbərim yoxdur".
Aleksandr Karuxin suallara cavabında bacısının ona evə gəlməsi üçün vaxt qoyduğunu deməsi ilə razılaşmayıb. Söyləyib ki, evdən çölə tez-tez çıxmayıb, amma vaxtında evə gəlirmiş: "Bacım mənə şərt qoymayıb. Mən son bir neçə ildir ki, işləmirəm. Evə də gec gəldiyim vaxt olmayıb".
O, qətl hadisəsi törətmədiyini bildirib.
Qətl hadisəsi ötən il iyun ayının 24-də Suraxanı qəsəbəsində baş verib. R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib. Onların hər ikisi sərxoş olub.
R.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Sonxeberler.info