Türkiyə vətəndaşına qarşı quldurluq edən şəxs 9 il azadlıqdan məhrum edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Sevindik Əzizovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Tağıyev Rasim Xalid oğlunun Azərbaycan Respublikası CM-nin 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb.
İttihama əsasən, Tağıyev Rasim Xalid oğlu 10 oktyabr 2016-cı il tarixdə, saat 14 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Qırmızı körpü” sərhəd keçid məntəqəsində Türkiyə Respublikası vətəndaşı Ayvazoğlu İsa Cəlal Şahin oğluna yaxınlaşaraq, onu Qazax şəhəri ərazisindən bir qadını Şəmkir rayonuna aparmaq lazım olduğunu, bunun müqabilində 400 ABŞ dolları pul veriləcəyinə inandırıb. O, İ. Ayvazoğlunu Ağstafa şəhərinə gətirib. Bundan sonra Ağstafada taksi kimi fəaliyyət göstərən Rüstəmzadə Əli Münasib oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-RR-134 dövlət nömrə nişanlı avtomobillə Qazax rayonunun Daşsalahlı kəndinə aparıb. R. Tağıyev Ayvazoğlu İsa Cəlal Şahin oğlunu əli ilə itələyib avtomobilin arxa salon hissəsinə salaraq onun boğaz nahiyəsindən tutub və üzərində olan pulu verməsini tələb etməklə bıçaqla hədələyərək, Ayvazoğlu İsanın pul qabından 2050 ABŞ dolları, (3281 AZN, 23 qəpik məbləğində) və 40 manat nağd pulu da daxil olmaqla, ümumilikdə 3321 manat 23 qəpik pulunu götürməklə, zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla quldurluq edib.
Zərərçəkmiş İsa Ayvazoğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsində göstərib ki, rəsmi olaraq “Çavdaroğlu 61” nəqliyyat şirkətində sürücü vəzifəsində işləyir. 9 oktyabr 2016-cı il tarixdə, təxminən saat 23 radələrində idarə etdiyi TIR markalı yük avtomobili ilə Bakı şəhərindən gəlib Qazax rayonu Sınıq Körpü sərhəd məntəqəsindən keçərək Gürcüstan Respublikasına getmək istəyərkən sərhəd məntəqəsində uzun növbə olduğu üçün idarə etdiyi TIR yük avtomobilində yatmaq qərarına gəlib. Bu zaman, yük avtomobilinin qapısı açılıb və tanımadığı şəxs onunla söhbət etmək istədiyini deyib. O da avtomobildən yerə düşüb. Həmin tanımadığı şəxs, adını sonradan bildiyi Tağıyev Rasim Xalid oğlu bildirib ki, tanışı olan qadını onu özünə məxsus avtomobildə, Qazax rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində gözləyir. Onu Şəmkirdəki evinə aparmaq üçün qadın 400 ABŞ dolları pul və bir də geri qayıtmaq üçün taksi pulu verəcək.
İsa Ayvazoğlu bununla razılaşıb. Onlar Qazax şəhərinə çatandan sonra sürücü avtomobili 2-ci Şıxlı kəndi istiqamətində sürüb. Bakı-Sınıq Körpü yolundan sola dönəndə isə R. Tağıyev ondan sürücülük vəsiqəsini istəyib, İsa da etiraz edərək, onun sürücülük vəsiqəsini nəyə görə istədiyini maraqlanıb. Daha sonra Rasimə qadının avtomobilini sürmək fikrindən əl çəkdiyini bildirib və avtomobilin sürücüsü olan sonradan adını bildiyi Əliyə avtomobili saxlamasını istəyib. Lakin Əli avtomobili saxlamayaraq, Daşsalahlı kəndi ərazisində yerləşən gips zavodunun yanından geri döndərərək qayıdacağını deyib və Rasimlə mübahisə etməyə başlayib. Həmin vaxt o, avtomobildən düşüb, bu zaman R. Tağıyev də avtomobildən düşərək onu əli ilə avtomobilin arxa salonuna itələyib və boğmağa başlayıb. Sonra sürücüdən bıçaq istəyərək bildirib ki, əgər pulu verməsə, onu vuracaq. Bu zaman avtomobildə olan digər şəxslər ondan bu hərəkətini dayandırmağını tələb ediblər. Lakin Rasimin onu bıçaqla vuracağından qorxub və pul qabını çıxararaq ona verib.
Bundan sonra İsa avtomobilin arxa oturacağında əyləşib. Rasim də pul qabından ona məxsus 2050 ABŞ dollarını və 40 manat da nəğd pulu pul qabından çıxarıb. Bundan sonra ondan cibində əlavə pulunun olub-olmamasını soruşub. İsa isə pulunun qalmadığını bildirib. Belə olduqda Rasim ondan avtomobildən yerə düşməsini tələb edib.
İsa Ayvazoğlu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tağıyev saxlanılaraq barəsində həbs qəti-imkan tədbiri seçilib.
Məhkəmənin qərarı ilə Tağıyev Rasim Xalid oğlu Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, hökmdən təqsirləndirilən şəxs Tağıyev Rasim Xalid oğlu apellyasiya şikayəti verildiyi üçün iş hazırda Gəncə Apellyasiya Məhkəməsində apellyasiya baxışındadır.