Bakıda vətəndaşlara qarşı dələduzluqda təqdirləndirilən bağça müdirəsinin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmədə məlum olub ki, İ.Ziyadova 9 nəfərə qarşı dələduzluq edib. Onlardan 5 nəfəri ilə barışıq əldə edib.
İ.Ziyadova digər 4 nəfərin zərərini ödəmək, barışıq əldə etmək üçün məhkəmədən sonuncu dəfə vaxt istəyib.
Məhkəmə dekabrın 26-na təyin edilib.
Vətəndaşlar sosial şəbəkələrdə bağçada işə düzəlməklə bağlı elanlara rast gəliblər. Bu elanlar onları “Xətai” metrostansiyasının yaxınlığında yenicə istifadəyə verilmiş özəl bağçalardan birinə aparıb. Pul qazanmaq üçün getdikləri bağçada işə düzəlmək üçün verdikləri pulları itiriblər.
Bildirək ki, İ.Ziyadova özəl bağçalardan birinin müdirəsi olub. Bir neçə ay birlikdə çalışdığı işçiləri ilə indi məhkəmədə üz-üzə qalıb. Buna səbəb isə İlahə Ziyadovanın işə düzəlmək üçün onlardan pul alması, amma vədinə əməl etməməsidir.
İttihama görə, İ.Ziyadova bir neçə nəfəri bağçaya müəllimə kimi işə düzəltməyə söz verib. Bunun qarşılığında onlardan müəyyən məbləğlərdə pul da alıb. Amma bir neçə ay sonra işə götürülən şəxslər vəd edilən əmək haqlarını ala bilməyiblər. İşə düzəlmək üçün verdikləri pulu tələb edərkən isə müdirə ilə fikir ayrılığı yaşayıblar. İ.Ziyadova aldığı pulları qaytarmadığından işçiləri ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Şikayətlər əsasında İ.Ziyadova barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, İ.Ziyadova barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.
Sonxeberler.info