Bakıda evə basqın edən avtobus sürücüsünə hökm oxunub. O, cinayəti tək törətməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Vüsal Abdullayev və Rasim Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin avqust ayında baş verib. Binəqədi qəsəbə sakini, 61 yaşlı Yaqub Sultanov rayonun 4-cü polis bölməsinə müraciət edib. O, gecə vaxtı həyətində səs-küy eşitdiyini, iki nəfərin ona hücum edərək mənzilə saldığını deyib.
Yaşlı kişidən pul və qızıl tələb ediblər. Pulu olmadığını deyəndə onlar Yaqub Sultanovu döyüb şkafa bağlayıblar. Qonşular gələndə isə hər iki şəxs qaçıb. Binəqədi polisi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və əvvəllər məhkum edilmiş Vüsal Abdullayevi saxlayıb. Vüsal Abdullayev Bakıda 36 saylı marşurut avtobusunun sürücüsü olub.
Saxlanılan şəxslər polisə ilkin ifadələrində bildirib ki, onlar bir neçə gün zərərçəkmişin evinin ətrafında olub, plan qurub və evə basqın ediblər.
Sonxeberler.info