Arvadını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. O, məhkəmədə arvadı ilə barışsa da cəza almaqdan canını qurtara bilməyib.
Sonxeberler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hacıbala Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Hacıbala Məmmədov arvadı Ülkər Şıxəliyevanı bıçaqlayıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində zərərçəkmişin bacısı Aytən Şıxəliyeva ifadə verib. O, deyib ki, hadisə günü anası ilə evdə danışan zaman bacısı mətbəxdə olub.
Hacıbala Məmmədov evə gələrkən bacısı ilə mətbəxdə mübahisə ediblər. Daha sonra bacısının qışqırdığını eşidib. Aytən Şıxəliyeva bildirib ki, səsə gedən zaman Hacıbalanın qaçdığını görüb. Daha sonra yaralını xəstəxanaya çatdırıblar.
Şahid qismində Aytən Şıxəliyevanın nişanlısı Şahin Məmmədov da dindirilib. O, bildirib ki, nişanlısı ona zəng edərək bacısının bıçaqlandığını deyib. Şahin Məmmədov da xəstəxanaya gedib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış edərək Hacıbala Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş Ülkər Şıxəliyeva məhkəmədən xahiş edib ki, ərinə bəraət verilsin. O, barışdıqlarını, məhkəmənin də bunu məzərə almasını xahiş edib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Hacıbala Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
E.Muxtarov,
Sonxeberler.info