“Azərbaycanın ən ciddi problemlərindən biri mülkiyyət toxunulmazlığına zəmanətin olmamasıdır”
Milli Məclisdə Azərbaycanda maliyyə amnistiyasının elan edilməsi təklif olunub. Büdcə müzakirələrində çıxış edən Tahir Kərimli bildirib ki, bu məsələni uzatmaq lazım deyil: “Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq. Gürcüstanda sabiq baş nazir İvanişvili Kutaisidə universitetin tikintisi üçün 1 milyard avro vəsait ayırıb. Hesab edirəm ki, bizdə maliyyə amnistiyası olsa, ölkədən kapital axını baş verməz, bu pullar daxildə yatırılar”.
Milli Məclis deputatının bu fikirləri ilə iqtisadçı ekspertlər razıdırlarmı? İndiki halda maliyyə amnistiyası verilə bilərmi? Əgər verilərsə, bunun iqtisadiyyat üçün hansı müsbət təsirləri ola bilər?
“SonXəbərlər”ə açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Azər Mehtiyev bildirdi ki, maliyyə amnistiyası kifayət qədər geniş bir termindir: “1992-ci ildə Azərbaycan müstəqillik əldə edəndə belə bir qanun qəbul olunmuşdu ki, əvvəllər əldə olunan gəlirlərin mənbəyi açıqlanmadan hər kəs sərvətlərini açıq şəkildə sərmayə kimi yönəldə bilər. Bu müxtəlif ölkələrdə zaman-zaman tətbiq olunan mexanizmlərdən biridir. Ancaq bu mexanizmlərin tətbiqi vəziyyətdən asılı olaraq həyata keçirilir. Məsələn, adətən hakimiyyət dəyişəndə yeni hakimiyyət özünə inam yaratmaq, o cümlədən yeni maliyyə mənbələri ortaya çıxartmaq və ya yeni bir başlanğıca təməl qoyduğunu sübut etmək üçün belə bir addım atır. Doğrudan da bununla cəmiyyətdə konsensus, etimad mühiti yaratmaq istəyir ki, indiyədək nə olmasından asılı olmayaraq bundan sonra hamı qanun çərçivəsində fəaliyyət göstərəcək. İndiki halda belə bir dəyişiklik yoxdur. Ölkəni idarə edənlər bu prosesi həyata keçirməyiblər. Ümumiyyətlə, biz ölkədə əldə olunan sərvətlərin leqallaşdırılması ilə bağlı hər hansı araşdırmalara, tədqiqatlara rast gəlməmişik. Gizli fəaliyyətlə məşğul olan qurumların böyük əksəriyyəti öz vəsaitlərini ölkədən çıxarır, xaricə axıdırlar. Onlar özləri idarəetməyə tam etimad göstəmirlər”.

İqtisadçının sözlərinə görə, maliyyə amnistiyasında birinci şərt ondan ibarətdir ki, bu bəyan olunduqdan sonra insanlar ona həqiqətən də əməl olunacağına və bundan sonrakı dövrdə onların mülkiyyətinə toxunulmayacağına inanacaqlar: “Azərbaycanın ən ciddi problemlərindən biri mülkiyyət toxunulmazlığına zəmanətin olmamasıdır. Belə bir mühitdə maliyyə amnistiyası elan olunmaqla insanlar buna gedəcəklərmi? Buna inanacaqlarmı? Maliyyə amnistiyası bir vasitədir, o, heç vaxt məqsəd deyil. Bu vasitənin real olaraq baş tutması üçün kompleks elementlər təmin olunmalıdır, mühit dəyişməlidir. O mühitə uyğun olaraq insanlarda inam, etibar formalaşmalıdır. İndiki halda belə bir maliyyə amnistiyası tətbiq olunsa belə onun böyük bir nəticələrə gətirib çıxaracağı real deyil. Ona görə ki, hakimiyyətin əlində kifayət qədər rıçaqlar var və mümkündür ki, mülk sahiblərini ölkə xaricinə vəsait yönəltməyə məcbur etsin. Son iki ildə biz bunun şahidi oluruq”.
A.Mehtiyevin fikrincə, istənilən halda maliyyə amnistiyasının verilməsi siyasi qərardır: “Ümumiyyətlə, belə bir maliyyə amnistiyasının verilməsinin nə dərəcədə doğru olmasına baxsaq, deyə bilərik ki, çox ziddiyyətli sualdır və tam fərqli yanaşmalar ola bilər. Hər bir halda bu, siyasi addımdır. Siyasi addımlar konkret məqsədlər və ona çatmağın yolları dəqiq müəyyənləşəndən sonra qərar vermək mümkündür”.

İqtisadçı ekspert Qadir İbrahimli isə hesab edir ki, ölkədə maliyyə amnistiyasına ehtiyac yoxdur: “Hazırda məmurlar topladıqları kapitalı ailə, qohum şirkətləri vasitəsilə leqallaşdırıblar. Sadəcə olaraq, həmin maliyyənin təhlükəsizliyinə təminat lazımdır. Əgər bu təminat verilsə, bu məsələlər də həllini tapa bilər. Xüsusi olaraq maliyyə amnistiyasına ehtiyac yoxdur. Azərbaycanda çirkli pulların leqallaşdırılması ilə bağlı problem yoxdur. Sadəcə olaraq, onun təhlükəsizliyinə təminat problemi var. Bu təminatın olmaması isə kapitalın ölkədən axınını stimullaşdırır. Bu qanunun qəbul olunması heç də təminat deyil. Təminat siyasi qərarlar ola bilər ki, həmin kapitallar toxunulmazdır, həmin kapitalı heç kim müsadirə edə bilməz. Qeyri-rəsmi olaraq heç kim onu sahibindən ala bilməz. Bu barədə siyasi qərar olmalıdır, bu qərar olduqdan sonra qeyd etdiyimiz problemlər avtomatik olaraq həllini tapacaq”.