SON DƏQİQƏ

Qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi azalır – səbəb

Tarix:12-12-2017, 16:01

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin – yəni xarici ölkə vətəndaşlarının əmanətlərinin ümumi həcmi oktyabr ayı ərzində 16,5 milyon manat və ya 2,1 faiz azalaraq noyabrın 1-nə 766,6 milyon manat təşkil edib

Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına görə, xaricilərin əmanətlərinin cəmi 54,9 milyon manatı və ya 7,2 faizi milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.

Xaricilərin öz vəsaitlərini ölkə banklarından çəkməsinin bir neçə fundamental səbəbi var. Bu barədə “SonXəbərlər”ə danışan iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, ümumiyyətlə, illik ifadədə ölkə banklarındakı ümumi əmanətlərin həcmində azalma var: “Bu azalma 2015-ci ildəki devalvasiyalardan sonra xarici valyutada olan əmanətlərin nominal həcminin 2 dəfəyə yaxın artması nəticəsində ümumi əmanət həcmində də artım göründü. Lakin faktiki olaraq, o dövrdən əmanətlərin geri çəkilməsi başlayıb və hələ də davam edir. Son zamanlar manatın məzənnəsindəki sabitlik şəraitində yerli rezidentlərin qısamüddətli əmanətlərinin həcmində artım müşahidə olunmasına baxmayaraq, ümumi trend azalma istiqamətlidir. Bu azalma qeyri-rezidentləri də əhatə edir. Onlar da pullarını banklardan çəkməkdədirlər. Burada müxtəlif səbəblər qeyd etmək olar. Bunlardan birincisi, bank sektoruna inamın azalması, risklərin isə artmasıdır. İkinci səbəb ondan ibarətdir ki, son dövrdə Azərbaycanı çoxsaylı xarici şirkətlər tərk edir. Bu şirkətlərlə bərabər, onların xarici işçiləri də buradan gedirlər. Gedən zaman isə aydın məsələdir ki, əmanətlərini də getdikləri ölkəyə aparırlar.”

Image result for Rəşad Həsənov

Ekspert deyir ki, qeyri-rezidentlərin əmanətlərinin azalmasının daha bir səbəbi xarici valyutada olan əmanətlərin faiz dərəcəsinin kəskin şəkildə aşağı düşməsidir: “Azərbaycanda qeyri-rezidentlərin əmanətlərinin 92-93 faizi xarici valyutadadır. Bu valyutalardakı əmanətlər üzrə faiz dərəcələri minimum səviyyəyə enib. Hətta bəzi banklar 1 faizdən də az təklif edirlər. Buna görə də nə xarici, nə də yerli vətəndaşlar xarici valyutada olan vəsaitlərini banklara yatırmağa maraqlı deyillər. Bundan əlavə, Azərbaycanda 11 bank bağlanıb və onlardakı əmanətlərin qaytarılması prosesi gedir. Qaytarılan əmanətlər arasında, aydın məsələdir ki, qeyri-rezidentlər də var. Bu da onların əmanətlərinin ümumi həcmində azalmaya gətirib çıxarır. Nəhayət, bir çox əmanətlərin müddəti bitir, lakin onun uzadılması üçün yeni müqavilələr imzalanmır. Burada da 2 məqam xüsusi rol oynayır. Birincisi, qeyd etdiyimiz kimi, faiz dərəcələrinin aşağı olması üzündən qeyri-rezidentlər pulu bankda saxlamaqda maraqlı olmurlar. Eyni zamanda banklar da xarici valyutada vəsait cəlb etməkdə maraqlı deyillər. Çünki hazırda banklarda izafi likvid vəsaitlər toplanıb. Banklar topladıqları əmanətləri yerləşdirib gəlir əldə edə bilmirlərsə, sonra faizləri ödəyəndə əlavə xərcə düşürlər. Xüsusilə də xarici valyutada olan əmanətləri cəlb etmək banklara bu gün sərf etmir. Hazırda az-çox imkanlar yerli valyutada olan vəsaitləri yerləşdirməyədir: Mərkəzi Bankın hərraclarında, həmçinin Maliyyə Nazirliyinin qısamüddətli kağızlarında. Deyim ki, burada da imkanlar çox məhduddur. Məsələn, Mərkəzi Bankın 100 milyonluq təklifinə qarşı 300-400 milyonluq tələb formalaşır”,

R.Həsənovun sözlərinə görə, xaricilərin banklardakı vəsaitlərinin azalmasında gözlənilməz xərclərin yaranması kimi amillər çox cüzi paya malik ola bilər: “Nəzərə alsaq ki, xarici vətəndaşlar xərcləri proqnozlaşdırmaqda çox dəqiqdilər, üstəlik, əmanəti vaxtsız çəkəndə faizlərdə itirmək var, bu kimi amillərin onların əmanətlərinin həcmindəki azalmada rolunun çox cüzi olduğunu görə bilərik”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN