“Qara qızıl” ucuzlaşacaq, yoxsa bahalaşacaq?
Neftin növbəti illərdəki qiyməti ilə bağlı proqnozlar heç də nikbin deyil. Azərbaycan hökuməti də proqnozlarında qəbul edib ki, neft qarşıdakı 4 ildə 40 dollara qədər ucuzlaşacaq.
Hökumətin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barelinin orta qiyməti 50 dollar təşkil edəcək. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə “qara qızıl”ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə bu rəqəm 40 dollar olacaq.
Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.
Bəs görəsən, ekspertlər bu barədə nə düşünür? Onlar hökumətin proqnozları ilə razıdırlarmı?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “SonXəbərlər”ə açıqlamasında bildirdi ki, neftin qiymətində yaxın vaxtlar üçün artım gözlənilir: “Mən BP-nin baş iqtisadçısı Vladimir Drebentsovun keçirdiyi görüşdə iştirak edirdim, o tamamilə əks fikirlər səsləndirdi. Qeyd etdi ki, yaxın dövrlər üçün neftin qiymətinin artımı müşahidə olunacaq. Bu da bazarda tələbin artması ilə əlaqədardır. Ona görə də neftin qiymətinin tədricən artması müşahidə olunacaq. Reallıq bundan ibarətdir. Vladimir Drebentsov daha maraqlı bir açıqlama verdi ki, 2019-cu ildən neftin qiymətlərinin stabilləşməsi gözlənilir. İndiki qiymətlərə nisbətən daha yüksək qiymət və o qiymət çərçivəsində stabillik olacaq. Ona görə də hökumətini həmin proqnozları müvəqqəti bir dövr üçün ola bilər. Necə ki, cari ilin avqust ayında neftin qiyməti birdən-birə 50 dollardan aşağı düşdü. Ancaq son 3 ayda qiymət 56-57 dollar civarında dəyişir”.

İqtisadçının sözlərinə görə, büdcədə neftin qiyməti ilə bağlı hər hansı problem yaranacağı gözlənilmir: “Azərbaycan dövlət büdcəsi proqnozlaşdırılarkən gələn il üçün orta qiymət 45 dollardan götürülüb. Biz isə bu il üçün neftin orta qiymətinin 53 dollardan aşağı olacağını gözləmirik. Gələn il bu qiymət təxminən 5 dollar aşağı düşərsə, yenə də büdcə üçün çətinlik yaratmayacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə qeyd etdi ki, neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə qurumlarının proqnozları da müxtəlifdir: “Mən hesab edirəm ki, yaxın illərdə neftin qiyməti 45-50 dollar səviyyəsindən aşağı düşməyəcək. Çünki qiymətin çox aşağı düşməsi neft hasilatçısı olan ölkələrə sərf eləmir. Həmçinin OPEK də bu durumdan narahatdır, onlar da neftin kəskin ucuzlaşmasını istəmirlər. O baxımdan, neftin qiymətinin 45 dollardan aşağı düşəcəyinə inanmıram. Dövlət büdcəsinin neftin qiyməti ilə bağlı problem yaşayacağını gözləmirəm. Çünki hazırda qiymət 60 dollara yaxınlaşır, bu proses davam edəcək. Neftin qiyməti ən azı 50-55 dollar səviyyəsində qorunub saxlanacaq. Çünki Rusiyaya da, Amerikaya da sərf edir. Lakin bizim üçün əsas məqsəd 2018-ci ildə Azərbaycanda bank sektorudur. Bu sektoru normal inkişaf etdirə bilsək, əhali ilə banklar arasında münasibətləri normallaşdıra bilsək, problemimiz olmayacaq. Hökumət artıq öz öhdəsinə düşənlərdən bir qismini yerinə yetirib, su, qaz işıq, yol - bu məsələlər həll edilib. İndi əsas məsələ bankla əhali arasında olan problemdir. Faizlər aşağı düşməlidir, problemli kreditlər həllini tapmalıdır ki, çətinlik yaşanmasın”.