Politoloq: “Hazırda Afrikada 54 müstəqil dövlət var və dövlətlərlə yaxından əməkdaşlıq Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında mövqelərinin möhkəmlənməsi anlamına gəlir”
Son zamanlar Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığında canlanmanın yaranması, səfərlərin həyata keçirilməsi, çoxsaylı görüşlər müzakirələrə səbəb olub. Hətta bəzi müşahidəçilər Azərbaycanın Avropanın bəzi qurumları ilə münasibətlərində yaranmış problemlərin qarşılığında Afrika ölkələri ilə əməkdaşlığa önəm verdiklərini iddia edirlər.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib. Azərbaycanın baş naziri Artur Rasi-zadə ilə görüşdə hökumət başçısı Pan-Afrika Parlamenti prezidentinin ölkəmizə ilk səfərinin qarşılıqlı faydalı əməkdaşlığımızın uğurlu başlanğıcı olacağına əminliyini ifadə edib. Baş nazir Artur Rasi-zadə Azərbaycanla Afrika İttifaqı arasında əlaqələrin davamlı inkişafı üçün iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə geniş potensialın mövcudluğunu qeyd edib.
Ölkəmizlə hərtərəfli əməkdaşlığa maraq göstərdiklərini deyən Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq səfər çərçivəsində keçirilən görüşlər barədə Azərbaycanın baş nazirinə ətraflı məlumat verib. O, xüsusən Azərbaycanın brendi olan “ASAN xidmət” modeli ilə tanışlıq zamanı orada yaradılmış şəraitin və nümunəvi iş prinsipinin nümayəndə heyətində böyük maraq doğurduğunu deyib. Vaxtilə yüzlərlə afrikalının Azərbaycanda ali təhsil aldığını minnətdarlıqla xatırladan qonaq hazırda Bakıda təhsil alan afrikalı tələbələrlə görüşdən, tədris komplekslərində onlara yaradılan şəraitlə tanışlıqdan məmnun qaldıqlarını bildirib.
Politoloq Elçin Mirzəbəyli açıqlamasında Afrika ölkələri ilə əməkdaşlığın önəmindən bəhs etdi: “Afrika əhalisinin sayına görə Asiyadan sonra dünyanın ən böyük qitəsidir. Qitənin nəhəng təbii resursları, ciddi idxal və ixrac potensialı var. Əgər biz ölkənin qeyri enerji sektorunu inkişaf etdirmək istəyiriksə, şübhəsiz ki, ilk növbədə ixrac edəcəyimiz məhsullar üçün bazar tapmalıyıq. Şübhəsiz ki, biz yalnız Azərbaycana məxsus olan bəzi məhsullar istisna olmaqla, Avropa bazarında söz sahibi olan şirkətlərlə rəqabət apara bilmərik. Asiya bazarında da vəziyyət bizim məhsullar üçün bir o qədər də əlverişli deyil. Şimali və Cənubi Amerika da həmçinin... Bu baxımdan, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı genişləndirmək cəhdləri təbii qəbul olunmalıdır”. Ekspert əməkdaşlığın daha yüksək səviyyədə həyata keçirilməsini zəruri saydı: “Bəzən biz Afrika ölkələrini obyektiv dəyərləndirə bilmirik və bu qitədə baş verən proseslərə səthi yanaşırıq. Bir məqamı xatırladım, dünyanın ən böyük Günəş elektrik stansiyası Afrika ölkəsində - Mərakeşdə yerləşir və 1,4 milyon kvadrat metri əhatə edir. Mütəxəssislər nəinki Afrikanın, bütövlükdə dünya energetikasının gələcəyinin məhz Mərakeşdə inşa edilmiş Günəş elektrik stansiyasından asılı olduğunu bildirirlər”. İki il əvvəl Tunisdə səfərdə olan və ordakı müşahidələrini qələmə alıb maraqlı reportajlar hazırlayan E.Mirzəbəyli qeyd etdi ki, bu gün Afrika ölkələri çox sürətlə inkişaf edirlər: “Xüsusilə də bərpa olunan enerji sahəsində çox böyük uğurlara imza atırlar. Demək istədiyim odur ki, bizim də Afrika ölkələrindən öyrənə biləcəyimiz çox şeylər var. Siyasi müstəvidə də Afrika ölkələri ilə əlaqələrimizin inkişafı bizim üçün əlverişlidir. Hazırda Afrikada 54 müstəqil dövlət var və dövlətlərlə yaxından əməkdaşlıq Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında mövqelərinin möhkəmlənməsi anlamına gəlir”. O ki qaldı xarici siyasətimzdə Avropanın Afrika ilə əvəz edilməsinə, politoloq hesab edir ki, bu, yalnız metofarik ifadə kimi qəbul oluna bilər: “Qitələri, onların Yer kürəsindəki mövqeyini, tarixi inkişaf səviyyələrini biz müəyyənləşdirməmişik. Bu və ya digər ölkənin xarici siyasəti də bu coğrafi reallıqlara, onların yaratdığı geosiyasi amillərə görə müəyyənləşir”.