SON DƏQİQƏ

Sabiq nazir: “Özəlləşdirmə prosesindən gələn gəlirlər 2018-ci ilin dövlət büdcəsində mühüm yer tuta bilər”

Tarix:26-09-2017, 13:18

Beynəlxalq Bankın sağlamlaşdırılması və öhdəliklərinin ödənişi xərcləri 2018-ci ilin büdcəsinin yükünü də artırır. Bu sözləri “SonXəbərlər”ə açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, növbəti il büdcə xərclərinin builkinə nisbətən daha çox olması qaçılmazdır: “Cari ilin iyun ayında dövlət büdcəsində aparılan dəyişiklik nəticəsində onun gəlirləri 511,0 mln. manat artırılaraq, 16766,0 mln. manata, xərclər isə 1041,0 mln. manat artırılaraq, 17941,0 mln. manata çatdırıldı. Növbəti ilin büdcəsinin daha böyük olacağı gözləniləndir. Belə ki, 2018-ci ilin büdcə layihəsində bəzi iri investisiya layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da onun xərclərini artırmağı zəruri edir. Bura ilk növbədə Azərbaycanın iştirakı ilə icra olunan beynəlxalq layihələrdə hökumətin payının maliyyələşdirilməsi kimi xərclər aiddir. Azərbaycan tərəfi bu öhdəliklərin bir hissəsini bilavasitə dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirməyi nəzərdə tutur”.

F.Yusifovun sözlərinə görə, a Beynəlxalq Bankın sağlamlaşdırılması və onun yarıtmaz fəaliyyəti nəticəsində dövlətin beynəlxalq kreditorlar qarşısında götürdüyü öhdəliklərin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsi kimi xərclər də büdcənin xərclərinin artırılmasını zəruri edir: “Bundan başqa, Ermənistanla hərbi münaqişənin indiki dönəmində yeni, daha müasir hərbi texnikanın və silahların alınması da qaçılmazdır. Bütün bu sadalanan amillər hesabına gələn il Dövlət büdcəsinin xərclərinin daha böyük olacağı gözləniləndir”.
Bəs, 2018-ci ilin büdcəsinin gəlirləri bu xərcləri maliyyələşdirmək üçün yetərli olacaqmı?

Ekspert də vurğulayır ki, bu sual indi hər kəsi düşündürür: “Hesab etmirəm ki, 2018-ci ildəki iqtisadi artım hesabına əldə olunacaq gəlirlərlə büdcədən bu xərcləri tam qarşılamaq mümkün olacaqdır. Belə olan halda artacaq xərclər hansı daxilolmalar hesabına maliyyələşdirilə bilər? Hökumət yeni büdcə layihəsinin işləyib hazırladığı son aylarda dünya bazarlarında neftin qiymətləri 25%-ə qədər bahalaşıb və hal hazırda bir barel neftin qiyməti 60 dollara yaxınlaşır. Əgər neftin qiymətlərindəki artım belə davam edərsə və ya ən azından o indiki səviyyədə qalarsa, bu Neft Fonduna əlavə vəsaitlərin daxil olması demək olacaqdır. Bu isə o deməkdir ki, Dövlət Neft Fondunun vəsaitləri 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında daha çox payla iştirak edə bilər”.

F.Yusifovun sözlərin görə, digər bir mənbə özəlləşdirmə prosesindən əldə olunan gəlirlər ola bilər: “Digər mənbələr sırasında böyük özəlləşmədən daxil olacaq vəsaitlər də aparıcı yer tuta bilər. Nəhayət ki, dövlət özəlləşmənin yeni mərhələsində nəzarət zərfini özündə saxlamaqla elektrik enerjisi, yanacaq, qaz, su, təchizatı ilə məşğul olan monopolist sahələrin özəlləşdirilməsini həyata keçirə bilər. Belə özəlləşmə büdcəyə kifayət qədər böyük vəsaitlərin daxil olmasını təmin edər”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN