Vüqar Bayramov: “Növbəti illərdə Azərbaycan neft ölkəsi statusunu qoruyub saxlayacaq”
Azərbaycan iqtisadiyyatında son günlərin ən böyük hadisəsi “Əsrin müqaviləsi”nin yenidən imzalanması oldu. Müqavilənin müddəti 2050-ci ilədək uzadıldı. Müqavilədə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünə də düzəliş edildi. Sazişin şərtlərinə əsasən, SOCAR-ın iştirak payı 25%-ə çatdırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.
Tədbirdə çıxış edən dövlət başçısı isə bildirib ki, hazırda “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft var. Bu isə hələ uzun illər Azərbaycanın neft ölkəsi olaraq qalacağı deməkdir.
Təbii ki, bütün bunlar Azərbaycan iqtisadiyyatı üçün müsbət hadisələrdir.
Lakin neft sektorunda bu cür uğurların qazanılması və uzaq perspektivə yönəlmiş addımların atılması cəmiyyətdə bəzi suallar da doğurur. Qeyri-neft sektorunun inkişafını prioritet elan etmiş hökumətin neft sektorundan gözləntilərinin azalmaması ictimaiyyətdə sual doğurur ki, qarşıya qoyulan hədəf- yəni neftdən asılılığın azalması baş tutubmu? Yoxsa bu asılılıq daha da artıb?
“SonXəbərlər”in suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması heç də neftdən asılılığın aradan qaldırılmasının arxa plana keçməsi anlamına gəlməməlidir: “Postneft dövrü neftdən sonrakı dövr deyil, iqtisadi diversifikasiyanın meydana çıxması dövrüdür. Postneft dövründə hökumət çalışır ki, neftdən asılılığı aradan qaldırsın, qeyri-neft sektorunun payının artırılmasına nail ola bilsin. Bu da zaman tələb edir. Bu, neft sektorunun kiçilməsi hesabına baş verməməlidir. Neft sektoru həm öz hasilat gücünü, həm də gəlirlilik səviyyəsini qoruyub saxlamağa çalışmalıdır. ”Əsrin kontraktı" ilə bağlı son anlaşma həm də qeyri-neft sektorunun inkişafı üçün imkanlar açır. Bu, həm uzunmüddətli dövrdə ölkəyə gəlir gəlməsini təmin edir, 2050-ci ilədək gəlirlərin təmin edilməsinə imkan yaradır. Nəzərə alsaq ki, yeni kontrakta əsasən hasilatın pay bölgüsündə Azərbaycan 75 faiz gəlir əldə edəcək. SOCAR-ın payının 11.6 faizdən 15 faizə çatdırılması da konsorsium daxilində bu şirkətin gəlirlərinin artmasına imkan verdi. Nəticədə qeyri-neft sektoruna investisiya yatırmaq üçün şərait yarada bilər. Çünki ölkə 2050-ci ilədək neft satışından gəlir əldə edəcək. Düzdür, bu gəlirlər neftin dünya bazarında qiymətinə uyğun olaraq müəyyənləşəcək. Qiymət artacaqsa, gəlirlər də çoxalacaq, indiki səviyyədə qalacaqsa mövcud gəlirlilik səviyyəsi qorunub saxlanacaq".

İqtisadçı vurğuladı ki, “Azəri-Çıraq- Günəşli” yatağında 500 milyon ton hasil edilməmiş , amma kəşf edilmiş neft ehtiyatı var: “İndiyədək bu layihə çərçivəsində 3,2 milyard barel, təxminən 440 milyon ton neft hasil edilib. Deməli, növbəti dövrdə hasil ediləcək neftin həcmi çıxarılmış neft ehtiyatlarından daha çoxdur. Bu isə 2050-ci ilədək mövcud qiymətlərlə ölkəyə təxminən 150 milyard dollar vəsaitin daxil olması deməkdir. Neftin dünya bazarında qiymətindən asılı olaraq təxminən 5-7 milyard dollarlıq gəlir deməkdir. Neftin qiyməti artacağı halda bu gəlirlərin də həcmi arta bilər”.
V.Bayramov hesab etmir ki, “Əsrin müqaviləsi”nin bağlanmasından sonra qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dayanacaq: “Güman olunur ki, islahatlar daha da genişlənəcək. Neft sektorunda investisiya qoyuluşu üçün mənbə var. Bu anlaşmadan sonra BP investisiya qoyuluşu həyata keçirəcək. Konsorsium anlaşmanın uzadılmasını istəyirdi. Əks halda, konsorsium investisiyanı azaldırdı. Hökumətə imkan yaranır ki qeyri-neft sektoruna investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətini gücləndirsin. Hökumətin bu anlaşmadan iqtisadiyyatın diversifikasiyası üçün istifadə etməsinə ciddi ehtiyac var. Neft gəlirlərinin qeyri-neft sektoruna transferi olduqca vacibdir.
Növbəti illərdə Azərbaycan neft ölkəsi statusunu qoruyub saxlayacaq. Neft hər zaman iqtisadiyyatda aparıcı rola malik olub. Qısa müddətdə ixracatda qeyri-neft sektorunun payının neftdən daha çox olacağı gözlənilmir. Prosesin mərhələli şəkildə davam etməsinə ehtiyac var. Son kontrakt isə qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdıra bilər. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı çoxdur, 68 faizdir. Büdcə gəlirlərində də qeyri-neft sektorunun payı artıb. Ancaq əsas hədəf ixracatda qeyri-neft sektorunun payının artırılmasına, 50 faizə çatmasına nail olmaqdan ibarətdir. Bu isə asan iş deyil və xeyli zaman tələb edir. Bunun üçün Strateji Yol Xəritəsində nəzərdə tutulan islahatların həyata keçirilməsi lazımdır. İxracatın şaxələnməsi və qeyri-neft sektorunun payının 50 faizə çatması ən yaxşı halda 2025-ci ilədək mümkündür".