"Bazarstore" mağazalar şəbəkəsi Gəncə şəhərində ikinci mağazasını istehlakçıların istifadəsinə verib. Müasir standartlara cavab verən və şəhərin Nizami Gəncəvi prospektində yerləşən super market iki mərtəbədən ibarətdir.
Birinci mərtəbədə müxtəlif növdə və çeşiddə olan qida məhsullarının, ikinci mərtəbədə isə qeyri-qida məhsullarının satışı reallaşdırılır. Yeni avadanlıqlarla təmin olunan mağazanın ümumi sahəsi 1500 m2-dir. Ölkədə işsizliyin aradan qaldırılmasında öz töhvəsini verən "Bazarstore" mağazalar şəbəkəsinin yeni filialında 50 nəfərdən çox xüsusi tədris keçmiş işçilər müxtəlif işlərlə təmin olunub. Yeni filialda açılış münasibəti ilə avqust ayının 13-dək müxtəlif bonus kampaniyaları və endirimlər də təklif olunur. Qeyd olunmalıdır ki, bu cür aksiyalar "Bazarstore" mağazalar şəbəkəsinə daxil olan bütün filiallarda ilboyu keçirilir.
Təşkil olunmuş təntənəli açılış mərasimində istehlakçılara yeni mağazada satılan məhsulların digər "Bazarstore" mağazalarında olduğu kimi gigiyenik tələblərə ən yüksək səviyyədə cavab verən 30 mindən artıq məhsul çeşidi təqdim edilib. Müştərilərin həssaslıqla yanaşdığı ət və süd məhsulları daim təzə olmaqla, gündəlik olaraq həm müəssisənin keyfiyyətə nəzarət mütəxəssislərinin, həm də baytar yoxlamasından keçirilir. Qeyd edək ki, Gəncə şəhərində açılan ikinci filial "Bazarstore" mağazalar şəbəkəsinə daxil olan 26-cı mağazadır. Eyni zamanda növbəti “Bazarstore” mağazasının Sumqayıt şəhərində istifadəyə verilməsi nəzərdə tutulub.



