Operativ məlumata əsasən, iyun ayının 6-ı üçün 600 min hektar taxıl əkini sahəsi (62,9%) biçilib, deyə Kənd Təsərrüfatı Nazirliyi rayon idarələrinə istinadən məlumat verir. 326,8 min ha sahədən 946,3 min ton buğda, 273,2 min ha sahədən 680,9 min arpa yığılıb.
SonXəbərlər-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondu İdarəsinin rəhbəri Zülfüqar Məmmədov buğdanın yerli istehsalı və idxalı üzrə məlumatların arasındakı bir çox illər ərzində müşahidə olunan ziddiyyətləri izah edən bəyanatla çıxış edib. "Keçən il Azərbaycanda 1,85 mln. tondan artıq bugda yığıldığına baxmayaraq, məhsulun yalnız 100 min tonu şərti olaraq çörək bişirilməsi üçün yararlı çıxıb", - deyə o bildirib.
Burada qeyd etmək lazımdır ki, artıq uzun illərdir ki, Dövlət Gömrük Komitəsinin buğda idxalı üzrə hesabatları Kənd Təsərrüfatı Nazirliyinin yerli istehsal ilə bağlı təmtəraqlı statistikası xüsusunda suallar doğurur. Mütəxəssislər çaşıb qalırlar: daxili tələbatı ildə 1,3 mln. ton səviyyəsində buğda olduğu və yerli taxılçıların ötən ilin yekunları üzrə 1,8 mln. tondan çox məhsul topladığı halda nə üçün Azərbaycan bu dənli bitkidən 1,6 mln. ton idxal edib?
Dövlət Gömrük Komitəsinin hesabatları aydın şəkildə göstərir ki, Azərbaycan buğda ixracatında Rusiya və Qazaxıstandan tam asılıdır.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov rəqəmlərlə danışır:
"700 min ton həcmində strateji buğda ehtiyatı Fövqəladə Hallar Nazirliyinin xətti ilə alınır. Daha sonra Dövlət Gömrük Komitəsi ölkəyə 1.5 mln. ton buğda idxalı, Kənd Təsərrüfatı Nazirliyi isə ölkədə 3 mln. ton taxıl və 1.8 mln. ton (!) buğda istehsalı haqda məlumat verir".
Ekspert deyir ki, rəsmi məlumata görə, buğdaya olan daxili tələbat 1.3 mln. tondur və rəqəmlərə inansaq belə çıxır ki, ölkəyə buğda tələbatdan iki dəfə çox idxal olunur:
"Bu necə ola bilər və hansı idarəyə inanaq?", - deyə ekspert Vahid Məhərrəmov sual edir.