"TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək" . Musavat.com-un məlumatına görə, bu fikri İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək. S.Düzyol bildirib ki, Azərbaycan eyni zamanda özünün TANAP kəməri ilə daşınan təbii qazından gəlir əldə edəcək.
Saltuk Düzyol TANAP layihəsində çalışan işçilərin sayına da toxunub. O, bildirib ki, ehtiyac olmadığı təqdirdə artıq işçi cəlb olunmur:
"Başlanğıcda 800 nəfərlə çalışırdıq. Onların da çoxu ərazilərdə idi. Hazırda 300 nəfərlə çalışırıq. Bu say 350-yə qədər yüksələ bilər. Deyim ki, biz işləməyən adamla boş yerə əməkdaşlıq etmirik. Yəni ehtiyac olmadığı təqdirdə işçi saxlamırıq. Hazırda baş ofisimizdə təxminən 80 nəfər çalışır. Əsas hissə isə yenə də ərazilərdədir".
Baş direktor məlumat verib ki, TANAP-ın işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq.
Onun sözlərinə görə, nəticədə Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq.