Ermənistan bazarları dəfn bürolarını xatırladır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “1in.am” saytı yayıb. Paytaxt İrəvandakı bazardan reportaj hazırlayan sayt hazırda buradakı vəziyyətin bərbad olduğunu bildirib.
“Bazarlarda bayram ajiotajı yoxdur. Biz 1-2 milyon dramlıq mal gətirmişik, amma günə 20 min dramlıq mal sata bilmirik”, – deyə satıcılardan biri deyib.
Satıcıların fikrincə, satdıqları mal baha olmasa da, əksər alıcılar üçün əlçatan deyil:
“Bizdə almanın kiloqramı 500-dən 1500 drama qədərdir, armud 1000-2000 dram, nar isə 800 dramdır. Lakin insanlar bazara gəlmirlər. Ona görə ki, əllərində pul yoxdur. Belə olan halda insanlar necə alış-veriş edəcəklər? Bazar dəfn bürosunu xatırladır. Heç kim gəlmir və heç kim almır”.
Bazardakı istehlakçılar isə qiymətlərin çox baha olduğunu və yalnız ilkin tələbat mallarını aldıqlarını söyləyiblər. İstehlakçılar xüsusilə ətin qiymətindən narazı olduqlarını dilə gətiriblər.
“Qiymətlər çox bahadır. Təqaüd və ya tək maaş hesabına yaşayan adam bu qiymətlərlə nə ala bilər? Mənim təqaüdüm 30 min dramdır. Bu pulla mən kiloqramı 2500 dram olan pomidor və ya ət ala bilərəmmi? Əlbəttə ki, yox. Əgər pulumuz yoxdursa, o zaman hansı Yeni il masasında söhbət gedə bilər? Ehtiyacımız olanları məcburi şəkildə minimal olaraq alırıq”, – deyə alıcılardan biri deyib.