SON DƏQİQƏ

Amerikanı lotereya ilə görmək arzusu - “Green Card” erası bitir

Tarix:3-11-2017, 16:21

Tramp 1990-cı ildən tətbiq olunan proqramı dayandırır

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkdakı terror aktından sonra xarici ölkələrin vətəndaşlarının “Green Card”la (Qrin Kart) Amerikaya girişinə qadağa qoymağın vacibliyini bəyan edib. Qeyd edək ki, avqustun əvvəlində də Donald Tramp ildə 1 dəfə keçirilən “Green Card” proqramından imtina təklifi ilə çıxış etmişdi. Artıq bununla bağlı Tramp administrasiyası yeni qanun layihəsi də hazırlayıb. Layihəyə əsasən, sözügedən proqram vasitəsilə ABŞ vətəndaşlığının verilməsi ləğv ediləcək və yalnız maliyyə imkanları yüksək olan şəxslər bu ölkədə daimi qala biləcək.

“Green Card” pulsuz lotereya proqramı 1990-cı ildən tətbiq edilir. Hər il bu vasitə ilə 50 min insan ABŞ vətəndaşlığını qəbul edir. Rəsmi terminologiyaya əsasən, “Green Card” ABŞ-da daimi yaşamaq icazəsidir. Bu sənəd sahibinə ABŞ-da qanuni əsaslarla yaşamaq və səsvermə hüququ istisna olmaqla, ABŞ vətəndaşlarına şamil olunan bütün hüquqları əldə etmək imkanı verir. “Green Card” sahibinə ABŞ vizasını əldə etmək lazım deyil. Kart sahibi özünə rahat olan zaman ölkəyə gəlib-gedə bilər.

Yeganə əsas tələb bir təqvim ili ərzində 6 aydan az olmamaq şərti ilə ABŞ-da olmaqdır. Əgər “Green Card” sahibi 1 ildən artıq müddətdə ABŞ-da olmasa, geri dönən zaman (kartın olmasına baxmayaraq) o, ölkəyə buraxılmaya bilər. Əksər hallarda “Green Card” 10 illik müddətə verilir. 5 ildən sonra isə kart sahibi ABŞ vətəndaşlığı əldə edə bilər.

Vətəndaşlıq əlavə üstünlüklər və ABŞ-da məcburi 6 ay yaşayış tələbinin ləğvi deməkdir. Kart sahibi bütün mövcud miqrasiya qanunlarına tabedir. Bu, o deməkdir ki, əgər miqrasiya xidməti şəxsin bu sənədi yalan məlumatlar, fırıldaq yolu ilə əldə etdiyi qənaətinə gəlsə və ya kart sahibi cinayət törətsə, “Green Card” ləğv oluna bilər.

Image result for trump

Bəs “Green Card” proqramı nədir?

“Green Card ”proqramı 1990-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb və bu proqramla ABŞ-a “Green Card” vəsiqəsi qazanan şəxslər müəyyən olunur. Hər il müraciət edən yüzminlərlə şəxs içərisindən 50.000 şəxs qalib olur və onlar ABŞ-a leqal formada köçə bilirlər. Proqramda seçimlər kompüter vasitəsilə təsadüfi formada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur. Bu proqramın əsas məqsədi ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaqdır.

Bəs bu proqramda iştirak etmək üçün necə müraciət etmək olar?

“Green Card” proqramına müraciət etmək üçün orta məktəb təhsili almaq kifayətdir. Müraciət etmək istəyən şəxs özü ilə bağlı məlumatları daxil etməklə lotereyaya müraciətini internet vasitəsilə ünvanlayır. Müraciət etmək üçün ingilis dili bilmək tələb olunmur. Proqrama müraciət etmək ödənişsizdir.

Bu lotereya ABŞ-a 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyini şübhə altına alan daha bir hadisə bir qədər əvvəl baş verib. Belə ki, həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib.

ABŞ-da ziddiyyətlərə səbəb olan lotereya dünyada son dərəcə böyük populyarlığa malikdir. Hər il müraciət edənlərin sayı milyonlarla olur və müraciətlər ildən-ilə artır. Azərbaycandan indiyədək “Green Card” vasitəsilə ABŞ-a gedənlərin sayı barədə dəqiq məlumat olmasa da, müraciət edənlərin sayının getdikcə artdığı bildirilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN