Ukrayna prezidenti müşavirini niyə sərt şəkildə cəzalandırdı?
Gürcüstanın sabiq prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili prezident Pyotr Poroşenko tərəfindən ölkə Ukrayna vətəndaşlığından çıxarılıb. Bu barədə məlumat iyulun 26-da rəsmən açıqlanıb. Saakaşvili inqilabdan sonra Ukraynaya yerləşib və ölkə siyasətində bir müddət xeyli populyar olub. 2015-2016-cı illərdə Odessa regionunun qubernatoru olan Saakaşvili daha sonra hakimiyyət daxilində baş verən intriqalardan sonra işini itirib.
Ancaq vəzifədən azad edildikdən sonra Saakaşvili siyasi fəaliyyətə başladığını bəyan edib, partiya təsis edib. “Yeni qüvvələrin əli” Partiyası hakimiyyətə iddia edirdi. Ukrayna prezidentinin bu qərarı eks-qubernatoru narazı salıb. Video-müraciət yayan Saakaşvili vətəndaşlıqdan məhrum edilməsini qanunsuzluq adlandırıb.
Saakaşvili bildirib ki, onun vətəndaşlıqdan məhrum edilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Ukrayna vətəndaşlığını bərpa etmək və Kiyevə qayıtmaq istəyir. Eyni zamanda o, Poroşenkonu demokratiyadan uzaqlaşmaqda və hakimiyyəti qəsb etmədə ittiham edib. Sitat: “Prezident Poroşenko Konstitusiyaya tüpürüb... Bu, Ukrayna cəmiyyətinə birbaşa və birmənalı siqnaldır- daha demokratiyada heç bir oyun olmayacaq”, deyə Saakaşvili bildirib.
Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Ölkədə demokratikləşmə, korrupsiyaya qarşı mübarizədə və ciddi siyasi islahatlara imza atan Saakaşvilinin partiyası Gürcüstanda ana üxalifət partiyası olsa da, 2015-ci ildə Ukrayna vətəndaşlığı alan eks-prezidentin bu ölkədə siyasi-iqtisadi islahatları idarə edəcəyi gözlənilirdi. Çox keçmədən Saakaşvili Odessaya qubernator təyin olundu və bir sıra səs-küylü qərarlara imza atdı. Ancaq sonradan məlum oldu ki, Odessa mafiyası, eləcə də Ukrayna dövlət aparatında Saakaşviliyə qarşı güclü “müxalifət” formalaşıb. Daxili işlər naziri, erməni əsilli Avakovla hətta canlı yayında bir-birinə hücum etdilər. Nəticədə az sonra Saakaşvili vəzifəsini, indi isə ümumiyyətlə, Ukrayna vətəndaşlığını itirdi. Vəzifəsini itirdikdən sonra Saakaşvali hakimiyyətdəki rəqiblərini, o cümlədən əsas himayəçisi və onu vəzifəyə təyin prezident Poroşenkonu tənqid etməyə başladı.
Qərb mediası Saakaşvilinin hazırda ABŞ-da olduğunu yazır. Bəzi ukraynalı siyasilər Kiyevə qayıdacağı təqdirdə Saakaşvilinin həbs olunub Gürcüstana ekstradisiya ediləcəyini yazır. Qeyd edək ki, ekspertlər Saakaşvilinin “vurulmasının” arxasında bir sıra amillərin dayandığını qeyd edir. Maraqlıdır ki, iki həftə əvvəl Poroşenko Gürcüstanda səfərdə olub və ölkə prezidenti. Baş nazirlər görüşlər keçirib. Poroşenkonun Saakaşvili haqqında qərarının arxasında Tiflis səfərinin dayandığı ehtimal olunur. Ancaq Saakaşvilinin Tiflisə təhvil verilib-verilməyəcəyi dəqiq deyil.
Məsələ ondadır ki, Saakaşvili 2 il əvvəl, inqilabın yeni qələbə çaldığı, Rusiyanın ciddi təzyiqləri ilə üz-üzə olan, şərqdə faktiki olaraq separatçılarla savaşan və ciddi siyasi islahatlara ehtiyac duyulan ölkəyə bir növ yardım üçün gedib. O zaman məşhur iddia bu idi ki, Qərb Saakaşvili və komandasından daha bir neçə şəxsi Ukraynada islahatlara dəstək vermək üçün bu ölkəyə göndərib. Çünki Gürcüstanın eks daxili işlər naziri müavini Ukraynada eyni posta təyinat aldı, eləcə də iqtisadi komandada bir neçə gürcü məmurlar təmsil olunmağa başladılar. Saakaşvili isə yeni islahat proyektinin aparıcı fiquru idi. Yeni seçilən prezident Poroşenko onu özünə müşavir təyin etdi, az sonra isə ölkə iqtisadiyyatının və ticarətin “ürəyi” hesab oluna və mafianın at oynatdığı Odessaya qubernator təyin etdi. Ancaq Saakaşvili Odessada uğur qazana bilmədi, üstəlik prezident və komandası ilə düşmən oldu.
Maraqlıdır ki, bu ayın əvvəli ABŞ dövlət katibi Reks Tillerson Kiyevə səfər edib və islahatlarla bağlı danışıqlar aparıb. Hətta bu səfərdən dərhal sonra bir neçə yüksək rütbəli məmur korrupsiya ittihamı ilə işdən azad edilib. Bir sıra xarici media isə Poroşenkodan Qərbdə ciddi narazılıqların olduğu, onun korrupsiyaya qarşı ciddi mübarizə apara bilmədiyi haqda iddialar yer alır. Bu münaqişənin və Saakaşvilinin vurulmasının daha bir səbəbi isə ABŞ-dakı seçkilərlə əlaqədardır. Saakaşvilinin əsas dəstəkçiləri Hillari Klinton və demokratlar idi. Ancaq seçkilərdə Trampin qalib gəlməsi Saakaşvili layihəsinin də üzərindən necə deyərlər, xətt çəkdi. İndi isə görünən odur ki, Poroşenko Saakaşvilidən canını qurtarmaq istəyir. Belə anlaşılır ki, artıq Poroşenkoya Saakaşvili nümunəsində xaricdən gəlmə müşavirlər lazım deyil, ya da necə deyərlər, əlavə başağrısıdır. Bu qərarda həm Poroşenkonun Gürcüstan səfərinin, həm də Tillersonun Kiyev səfərinin izlərini axtarmaq lazımdır. Lakin istənilən halda bu qərar Ukraynada siyasi mübarizənin daha da kəskinləşdiyinin göstəricisidir və Poroşenkoya qarşı qüvvələri daha da hərəkətləndirəcək.