İki həftədən artıqdır Sumqayıt və Hacı Zeynalabidin Tağıyev qəsəbəsində zəhərlənən yüzdən artıq uşaqla bağlı xəbər gündəmdən düşmür. İlk günlər "Azərsu" açıqlama verərək zəhərlənmələrin su ilə heç bir bağlılığı olmadığı bildirdi. Amma sonradan Səhiyyə Nazirliyinin rəsmi açıqlaması "Azərsu"nun sadəcə olaraq məsuliyyətdən yayınmaq istədiyini göstərdi. Buna əsaslardan biri də, götürülmüş analizlərin cavabı bəlli olmamış "Azərsu"nun təkzibi idi. Ancaq fakt faktlığında qalırdı; 119 uşaq zəhərlənmişdi, hansı ki, 30-a yaxın uşağın müalicəsi hələ də davam edir və analizlər zəhərlənməyə səbəb olan virusun sudan keçdiyini göstərirdi. Bildirilirdi ki, içməli suya haradansa çirkab suyu qarışıb və bu da zəhərlənməyə səbəb olur.
Bakı şəhərinin əksəriyyətinin su ilə təmin edilməsində əvəzsiz rolu olan Ceyranbatan su anbarına axan kanalizasiya suyu həyəcan təbili çalmağa əsas verir. Xırdalan şəhərində Ceyranbatan su anbarı ilə 15-20 metr məsafədə yola daşan və böyük bir ərazini əhatə edən kanalizasiya suyu elə oradan da Ceyranbatan gölünə axır.
Yəqin bu görüntülər barədə açıqlama verəcək "Azərsu" rəhbərliyi bildirəcək ki, yaxış normadan artıq yağıb, kanalizasiya boruları suyu axıtmağa kifayət etməyib və sair və ilaxır. Amma bu qədər də məsuliyyətsizlik olmaz. Əvvəla, 3 milyondan artıq əhalinin yaşadığı bir şəhərin içməli suyunu ödəyən anbarın yanından belə kanalizasiya boruları niyə keçməlidir? Nəzərə alsaq ki, onun hər zaman daşma ehtimalı var və axın da məhz su anbarına tərəfdir. İkincisi isə "Azərsu"ya dövlət büdcəsindən ayrılan milyonlar hara xərclənir ki, cəmi bir saat yağan yağış kanalizasiyaların daşmasına səbəb olur? Bəlkə gözləyirsiz ki, bütün Bakı şəhəri zəhərlənə, ölənlər ola, ondan sonra əl-ayağa düşəsiniz?