Böyük partiyada Azərbaycan almasının Ermənistana daşınması ilə əlaqədar işğalçı ölkədə araşdırmalar yeni müstəvidə davam etdirilir.
SonXəbərlər ictimaisiyasi qəzeti bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın baş prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, milli təhlükəsizlik xidmətinin məlumatları əsasında açılan cinayət işinin gedişində məlum olub ki, ölkə daxilinə Azərbaycanın kənd təsərrüfatı məhsulları, o cümlədən alma Gürcüstan yolu ilə daşınıb.
“Araşdırmalar nəticəsində aydın olub ki, məhsulların nəqli Ermənistan sərhədlərindən gömrük nəzarəti olmadan, gömrük işçilərinin rüşvət müqabilində məsələyə göz yumması şəraitində keçirilib”-açıqlamada deyilir. Məlumatda o da bildirilir ki, araşdırmalar nəticəsində Baqrataşen gömrük məntəqəsinin əməkdaşlarının 2016-cı ilin dekabrından 2017-ci ilin aprelinədək vaxtaşırı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə rüşvət müqabilində ölkəyə meyvə və tərəvəz keçirilməsinə şərait yaratdıqları aydın olub. Faktla bağlı cinayət məcəlləsinin iki maddəsi ilə cinayət işi qaldırılıb və iş materialları Milli təhlükəsizlik xidmətinin nəzarətinə verilib. İstintaq orqanlarına bu istiqamətdə zəruri araşdırmaların aparılması tapşırılıb.