Əli hər yerdən üzülən şikayətçi hüquq mühafizə orqanlarından kömək istəyir
Bakının Binəqədi rayonunda yaşayan təqaüdçü Məmmədov Yunis İsmayıl oğlu redaksiyamıza şikayət ərizəsi yollayıb. O, Bakıda bir vaxtlar geniş yayılmış mənzil fırıldaqçılarının qurbanı olduğunu bildirir. Ürəyi dolu şikayətçi bütün baş verənləri detallarına qədər yazır. Ancaq biz həmin şikayəti ixtisarla dərc edirik.
“Ötən ili noyabrın 26-da internet vasitəsilə ev axtararkən “Yeniəmlak.az”-ın ev alğı-satqı saytından “Yeni Yasamal” MTK-ya məxsus Y.Yasamal yaşayış massivi M.Xiyabani küç.-də 59 kvm.-lik birotaqlı yeni tikili mənzilin (dəyəri 32000 manata) Sabir adlı maklerin səhifəsində satiş elanına rast gəldim. Həmin tarixdə evə baxmaq məqsədi ilə Sabirlə telefon vasitəsilə əlaqə saxladım. Makler həmin mənzilə baxmaq üçün məni və qızımı “Yeni Yasamal” MTK-ya məxsus binanın komendantı Əzizağanın yanına yolladı. Biz həmin ünvanin həyətində Əzizağa ilə görüşdük. O artıq makler Sabirlə əlaqə saxlamışdı. Mənzilə baxmağa gəlməyimizdən xəbərdar idi. Əzizağa bizə həmin mənzilin satildıgını söylədi. Mən Sabirə zəng vurub həmin mənzilin satıldığını dedim. Makler Sabir evin satıldığına təəccübləndi. O bizə Nicat Neman oğlu ilə əlaqə saxlamaq üçün telefon nömrəsini verdi və bildirdi ki, satılmaqda olan daha başqa mənzillər var. Nicat Neman oğlu ilə əlaqə saxladım. Nicat özünü həmin binanın nəzarətçisi və binanın sahibi C.Alışovun yaxını kimi təqdim etdi və əlavə etdi ki, bu binada münasib qiymətə daha bir mənzilə – Bl 2, mər.2, mən.126 nömrəli, 66 kvm-lik, 1 otaqlı mənzilə baxmağı təklif etdi. “Mənzilin sahibi əlimyandıda bu evi dəyərindən ikqat aşağı qiymətə satır” dedi. Mənzilə baxıb bəyəndik. Nicat mənə yenidən zəng edərək dedi: “Evi bəyəndinizsə, orada heç kimlə əlaqə saxlamayın. Mən sizi birbaşa ev sahibi Mehtiyev Mehti Aydın oğlu ilə tanış edəcəm. O, Hacıdir, çox dürüst və gözəl insandı. Hacı Mehtiyə pul lazım olduğundan evini dəyər-dəyməzə satır”. Nicat əlavə etdi ki, evi alası olsanız, mənə də şirinlik verərsiniz. Bizə Mehtinin mobil nömrəsini də verdi.
Mehti ilə “Qızıltac” şadlıq sarayinin yanında görüşdük. Mehti bizə həmin mənzilin ona aid olduğuna dair müqavilə və şirkətə borcu olmadığına dair maliyyə arayışı verdi. Şəxsiyyət vəsiqəsi də üzərində idi. “Evi 42000 (qırx iki min) manata almışam. Xaricə yaşamağa köçürəm (birinci dəfə satma səbəbi, uydurduğu nağıl bu olmuşdu). Vaxtım cox azdı. Bu səbəbdən evimi dəyərindən çox aşağı qiymətə 28000 (iyirmi səkkiz min) manata satmağa məcburam”- dedi.
Biz borc-xərclə ancaq 27 min manat toplaya biləcəyimizı dedik, Mehti razılaşdı. Guya bizə “mərhəmət” göstərən “Hacı” Mehti dedi: “Evin sənədləşməsi və digər maklerlərə veriləcək pul da mənlikdi, ancaq evi dəqiq alacaqsınızsa, evi satışdan çıxarım. Biz razılaşdıq. Mehtiyə “bəlkə sizə pulu dollarla verək” dedik. “Mənə manatla verin” dedi. Sonra xahiş etdi ki, 2000 (iki min) və ya 3000 (üç min) manat öncədən sənədləri rəsmiləşdirmək üçün ona verək. “Alğı-satqı Biləcəridəki Yeni Yasamal MTK-nın Baş ofisində olacaq. Narahat olmayın” dedi”.
28.11.2016-ci il tarixdə mən və qonşumuz, Mehti ilə 1-ci dəfə görüşdüyümüz yerdə görüşməyə getdik. Mehti ilə 4 cü mik.-n, “Qızıltac” şadlıq sarayinin yaninda, onun evinin önündəki dayanacaqda görüşərək 2000 (iki min) manatı Mehtiyə verdim. Mehti bildirdi: “Şirkətdə artıq imtina ərizəsi yazmışam. Sabah satışı həyata keçirə bilərik. Təbii ki, satış şirkətin ofisində olacaq. Ofis Y.Yasamal yaşayış massivi M. Xiyabani küçəsində yerləşir (mənim aldığım evin həyətində). 29.11.2016-cı il tarixində saat 15.00 radələrində həmin ünvanın qarşısında görüşərik”.
Hacı Mehti bizi tələsdirərək bildirdi ki, vaxtı çox azdır, satışı bu gün reallaşdıraq. Yoldaşım və qızım məcbur olub mənsiz “Hacı” Mehti ilə Mehtinin maşınında şirkətin Biləcəridəki baş ofisinə getdilər. Baş ofis Biləcəridə “Cənnət bağı” ilə yanaşı hündürmərtəbəli yeni tikili binanın 9-cu mərtəbəsində yerləşirdi (biz bunu aldandıqdan sonra bildik). Yenidən “Hacı” Mehti Habillə telefonla əlaqə saxladı. Telefon danışığından sonra “Hacı” Mehti “Cənnət bağı” adlanan restorana maşını (qara rəngli “Hundai”) sürdü və bizə bildirdi ki, Yeni Yasamal MTK-nın sədr müavini Habil Fətəliyev bizi orada gözləyir. Bizimkilər oradakı “besedka”da gözləyib. Habil qızımın şəxsiyyət vəsiqəsini alaraq müqavilə və maliyyə arayışını oradaca doldurub. Müqavələni qızıma təqdim etdikdən sonra “Cənnət bağı” restoranından ayrılıb. 25 000 manatı maşında “Hacı” Mehti sayaraq qızımdan alıb. “Hacı” Mehti mənim pullarımla birlikdə maşından ayrılaraq Habilə şirinlik vermək üçün “besedka”ya doğru gedib. Pulu verib qayıdarkən “Hacı” Mehti maşında deyib: “İt oğlu Habilə əlavə olaraq 1000 manat verdim”. Sonra “Hacı” Mehti qızımdan özünə aid olan müqaviləni alıb cirıb. Təsadüfdən qızım o müqaviləni telefona çəkmişdi. Qızım “Hacı” Mehtidən soruşub ki, mənim müqaviləm 29.11.2016-cı il tarixdə yazıldıgı halda nəyə görə müqaviləyə 19.12.2010-cu il tarix yazdırmısız? Siz nə səbəbdən müqaviləni 6 il önçəki tarixə yazdınız? Mehtinin “o, şirkətin öz işidi, narahatçılığa səbəb yoxdur”. Guya harasa az faiz ödəsinlər deyə bu kimi şeylər edirlər. Qızım soruşub ki, siz 27000 (iyirmi yeddi min) manat bizdən aldığınız halda nə səbəbdən 24000 (iyirmi dörd min) manat yazmısız? Cavabında “Hacı” Mehti əsəbiləşərək, “mən başa düşmədim, sizə ev lazımdır , yoxsa sənəd? Mən it oğlu itə, (yəni Habilə) evin rəsmiləşdirilməsi üçün az pul verim deyə. O əclaf çox gözəl bilir, mən bu evi neçəyə almışam və neçəyə satıram. Bu qədər zərərlə satdıgım halda məndən faiz istəməyə utanmır”. Sonra əlavə edib ki, mənim malım gömrükdə qalıb, Qusar yolunda. Axşam yola çixmalı olacam. Mallarımı gömrükdən çıxartmalıyam. Mən nə hayda, bunlar nə hayda. Bir neçə gün qabaq Mehti evi satanda pula ehtiyacının səbəbini tamamilə başqa demişdi.
Evi aldıqdan təxminən bir ay sonra qızım qohumlardan o bina haqda dələduzluq hallarının olduğunu eşidib. Mən sosial şəbəkələr vaitəsilə Yeni Yasamal MTK-nın fəaliyyəti barəsində kütləvi informasiya vasitələrinin və ictimaiyyətin rəylərini öyrənməyə çalışdım. Yeni Yasamal MTK-nın ictimaiyyətdən gizli qalan dələduzluqlarını, cinayət əməllərini, vətəndaşların narahatçılığı barədə “Azadlıq” radiosu, Meydan TV, “Azadlıq” qəzeti və gununsesi.info saytı araşdırma (2015-ci ildə) verdiyini gördüm və acı həqiqəti bildim.
Qızım “Hacı” Mehtiyə telefonla zəng edərək dələduzluq kimi xoşagəlməz halları haqda eşitdiyini və çox narahat olduğunu bildirib. “Hacı” Mehti onu sakitləşdirərək deyib: “Sizin eşitdiyiniz hallar keçmiş zamanda olub, həmin insanlar artıq cəzalandırılıb”. Xüsusi qeyd edib ki, narazı və aldanan vətəndaşları ölkə başçısı mənzillə təmin edib və onlar kompensasiya alıb. “Siz nə danişırsız xanım, indiki dövrdə elə şey eləmək olar? Camaat min bir əziyyətlə pul qazanır. O boyda haram pulu yemək olar? Mən belə şeyləri birinci dəfədir sizdən eşidirəm. Bu ev mənim olub və mən də sizə satmişam, vəssalam. Qapınızı qoyub təmirə başlayın. Başınızın altına balış qoyub tam rahat yatın. İnşaallah, martda (isti havalarda) təmirə başlayarsız”.
Mən dəmir qapı sifariş verdim. 15.01.2017-ci ildə qapını qoymaq üçün həmin ünvana yollandıq. Komendant Əzizağa rəhbərlik olmadığından (bazar günü) qapını qoymağa icazə vermədi. “Həftə içi gəlib qoyarsız” dedi. 18.01.2017-ci tarixdə ustalarla qapını qoymağa getdim. Yenə icazə verilmədi. “Gözləyin rəhbərlik məhkəmədən gəlsin, icazə versin, sonra qoyarsız qapınızı”. 2 saat sonra rəhbərlik dedikləri Cahangir Alışovun müavini Habil Fətəliyev gəldi. Habil Fətəliyev gəldikdən təxminən 30 dəqiqə sonra Əzizağa mənə yaxınlaşıb “200 manat ver, gözümü yumum, get qapını qoy” dedi. Mən əsəbiləşib hövsələdən çıxdım. Orada Elşad (C.Alışovun qardaşı oğlu kimi özünü təqdim etdi) mənə yaxınlaşaraq dedi: “200 manat yaxşı qiymətdir. Razılaş, qapını qoydur”. Mən “200 manat nəyə görə sizə verməliyəm? Sizin görməli olduğunuz işi mən görürəm, öz mənzilimdir, özüm bilərəm nə edirəm” dedim. Onda Habil dedi ki, gözləyin sədrdən icazə alaq. 2 saat gözlədikdən sonra Habil mənə cavab verdi ki, sədr icazə vermir.
Səhərisi günü oğlum Fuad və qonşumuz Emillə yenidən həmin binaya getdik. Oğlumla Emil Habillə söhbət edirdilər. Orada Elşad adlı (C.Alışovun qardaşı oğlu kimi özünü təqdim etdi) biri mənə yaxınlaşıb dedi: “Ağsaqqal, 1500 manat ver, müqaviləyə təmirə buraxılmaq ücün əlavə möhür vurdurum. Yəni rəsmi icazə”. Sonradan mən Elşad, Habil, oğlum Fuad, qonşum Emil binanın yanındakı ofisdə keçdik. Və orada qəti etirazımı bildirdim ki, mən bu firildaq evi istəmirəm. Artıq mənə və hamıya sizin dələduz əməlləriniz məlumdur! Qəti bildirdim ki, mənim 27000 (iyirmi yeddi min) manatımı qaytarın, evinizi istəmirəm!
MTK-nin sədr müavini olan Habil Fətəliyev çox arxayınca dedi ki, narahat olmayın, bizim müqaviləmizdə də göstərilib ki, əgər mənzil alıcısının etirazı varsa və yaxud mənzildən imtina edirsə, onda bir ay müddətində həmin məbləg tam qaytarılır. Habil mənə qətiyyətlə söz verdi ki, biz, rəhbərlik olaraq, 1 aydan da tez, yəni fevral ayının əvvəllərində pulunuzu problemsiz ödəyəcəyik. Qətiyyən narahat olmayın. Amma Habil mənə dedi: “Ağsaqqal, sənə 24 000 manat pul qaytaracağıq. Qalan 3000 manatı Mehtidən alarsınız”. Mən rahat olaraq evə gəldim. Və bu xəbərləri ailə üzvlərimə də çatdırdim.
Sonradan Mehti ilə əlaqə saxladım: “Habil deyir 24 000 manatı biz MTK olaraq ödəyəcəyik, 3000 (üç min) manatı isə Mehti ödəməlidir. “Haci” Mehti mənə bildirdi: ”Pulların hamısını Habilə vermişəm, get pullarinı Habildən al!” Mən isə “pulları mən sənə vermişəm və onda heç Habili tanımırdım” dedim. Mehti “məni bir daha narahat etmə, özünüz də gördünüz, pulu gözünüzün önündə Habilə vermişəm!” dedi. Onda mən hüquq mühafizə orqanlarına şıkayət edəcəyimi dedim. Mehti istehza ilə “get nə istəyirsən et” deyib telefonu qapatdı.
Bu oyuna bizi salan “Hacı” Mehti, müavin Habil Fətəliyev, Elşad və digərləri nə bu problemi həll etdilər, nə də sözlərində düzgün çıxdılar. Qərara gəldim ki, birbaşa Yeni Yasamal MTK-nın sədri C.Alışovla əlaqə yaradıb, onunla görüşüm.
25.01.2017 ci il tarixində təxminən günorta saatlarında şirkətin Biləcəridəki baş ofisini çox çətinliklə də olsa, tapdıq. Ofis düz həmin bizi aldadıb pul aldığı “Cənnət bağı”nın yaxinlığında yeni tikilinin 9-cu mərtəbəsində yerləşirdi. Qapını döydük (nömrəsizdi). Orta yaşlı bir nəfər çaşqınlıqla qapını açdı və bizi içəri buraxmaq istəmədi. Biz məcburi qapının ağzında dayandıq. Bizə özünü C.Alışovun yaxın dostu kimi təqdim edən Elçin adlı biri yaxınlaşaraq içəri dəvət etdi və öz otağına apardı. Orada qısa söhbət əsnasında mən, yoldaşım, oğlum və qonşumun yanında konkret “Hacı” Mehti, Habil Fətəliyev, Elşad, komendant Əzizağa və Nicatın etdikləri dələduzluqdan danışdıq. Söhbət bitməmiş Habillə Elşad təngənəfəs otağa girdilər, salam vermədən təəcüblə soruşdular ki, biz bu ofisi hardan tapmışıq? Ünvanı kim verib? Təsəvvür edin ki, bunlar pul qaytarmaq əvəzinə quldur yuvasını necə tapmağımızdan çox narahat oldular. Mən isə cavabımda bildirdim ki, elə sizin bu çirkin oyunun şəriki “Hacı” Mehti verib. Əlavə etdim ki, hətta pul qaytaqmaq ərəfəsində, Mehti Habilin ünvanına “it oğlu it” ifadəsini də işlədib. Orada Elçin adlı şəxs acıqla Habilin və Elşadın səsini kəsərək, qətiyyətlə söz verdi: “Bu məsələni şəxsən dostum C.Alışova deyəcəm və sizin pulunuz 100 faiz qaytarılacaq, qətiyyən narahat olmayın! Biz yenə də sadəlövh uşaq kimi bu səriştəli, super dələduzlara asanlıqla inandiq. Ancaq indiyədək, bizim problemimiz həll olunmayıb. Əksinə, onlar yeni-yeni dələduz variantları ilə inkişaf edərək, müxtəlif metodlarla əl ataraq pulumuzu verməkdən yayınırlar.
Çarəsiz qalıb 102 xidmətinə və Antikorrupsiya İdarəsinə (161) şikayət etdik, bu mütəşəkkil bandanı ciddi surətdə cəzalandırmalarını və mənim 30 ildən artıq, ailə üzvlərimin illər boyu topladığı 27000 (iyirmi yeddi min) manati qaytarmağa köməklik göstərmələrini xahiş etdik. Çünki, bu quldur dəstəsinin heç kimdən qorxusu yoxdur. Əminəm ki, şikayət ərizəm Sizə təqdim olunduqdan sonra bu səriştəli, təcrübəli, peşəkar dələduzlar lazımınca cəzalanacaq”.
Redaksiyadan: Şikayətdə adı çəkilən şəxslər də mövqeyini bildirə bilər.