Sosial şəbəkə paylaşımından sonra saxlanılma və işgəncə iddiası Azərbaycanda sosial şəbəkədə etdiyi paylaşım səbəbilə saxlanıldığını və polis bölməsində zorakılığa məruz qaldığını iddia edən siyasi fəal Abdullayev Fəridlə bağlı yeni məlumatlar yayılıb.
Məlumata görə, 2024-cü il iyunun 1-də Abdullayev Fərid sosial şəbəkə hesabında hakimiyyət orqanları tərəfindən dəfələrlə fiziki və psixoloji təzyiqlərə məruz qaldığını, həmçinin haqsız yerə həbs olunması ilə bağlı tənqidi məzmunlu paylaşım edib. İddialara əsasən, həmin paylaşımından iki gün sonra – iyunun 3-də o, polis əməkdaşları tərəfindən işlədiyi yerdən götürülərək Abşeron Rayon Polis İdarəsinə aparılıb.
Fəalın sözlərinə görə, idarədə olduğu müddətdə o, polis əməkdaşları – mayor Fuad Nəsirov, mayor Rəhim Piriyev və kapitan Sərxan Həsənov tərəfindən fiziki zorakılığa məruz qalıb. Abdullayev iddia edir ki, baş və bədən nahiyəsinə çoxsaylı zərbələr endirilib, qarın nahiyəsinə isə küt alətlə xəsarət yetirilib. O bildirir ki, aldığı zərbələr nəticəsində dözülməz ağrılar keçirib və bir müddət sonra huşunu itirib.
Onun sözlərinə görə, bu hərəkətlərin əsas məqsədi onu qorxutmaq və hakimiyyətə yönəlik tənqidi mövqeyindən çəkindirmək olub.
Abdullayev Fərid bildirib ki, iyunun 3-ü gecə saatlarında Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. O, iyunun 8-də xəstəxanadan buraxıldığını, bundan iki gün sonra – iyunun 10-da isə baş verənlərlə bağlı Ombudsmana rəsmi müraciət etdiyini açıqlayıb.
Hadisə ilə bağlı adı çəkilən polis əməkdaşlarının və rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Məsələ ilə bağlı araşdırmaların aparılıb-aparılmadığı da məlum deyil.