"Pressdent.info" xəbər saytına istinadən bildirirk ki, 26.07.2025- ci il tarixində, səhər saatlarında Avropada yaşayan siyasi fəal, Məcidov Elmir İntiqam oğlunun, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Məcidov Elmirin həyat yoldaşı, Məcidova Bahar İrza qızı polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə əyləşdirilərək, Abşeron RPİ-nə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Məcidova Bahar polis idarəsində olarkən, ondan həyat yoldaşı, Məcidov Elmir barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Məcidova Bahar, həyat yoldaşı, Məcidov Elmir ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.
Polis idarəsində olarkən, Məcidov Baharın həyat yoldaşı, Məcidov Elmir Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğu barədə məlumat verilmişdir. Abşeron RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Məcidova Bahar polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Məcidov Elmir İntiqam oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Ölkəni tərk etməsinə baxmayaraq, Polis əməkdaşları dəfələrlə Məcidov Elmirin yaşadığı ünvana gələrək evində qanunsuz axtarış aparmış və ailə üzvlərinə fiziki və psixoloji təzyiqlər etmişdir.
Hadisə ilə bağlı media nümayəndələri tərəfindən, Abşeron Rayon Polis İdarəsi ilə telefon əlaqəsi saxlanılmasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.