SON DƏQİQƏ

Tərtər Rayon mənzil istehsalat istismar idarəsinin rəisi Hafiz Ələkbərov: Azərbaycanın regional siyasətinin uğurları...

Tarix:2-08-2021, 12:28

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ən yaxın silahdaşı və layiqli varisi Prezident İlham Əliyev ulu öndərin dərin etimad və müdrik tövsiyəsi ilə ölkə Prezidenti seçiləndən sonra həyatın bütün sahələrində ümummilli liderin siyasətini yaradıcılıqla davam və inkişaf etdirəcəyini elan etmişdi. Ona görə də dövlət başçısı İlham Əliyevin ötən 16 ildəki siyasətinin hədəf və uğurlarından danışarkən, ilk növbədə, çoxminillik dövlətçilik tariximizin ən mükəmməl və ən nüfuzlu rəhbəri Heydər Əliyevin bənzərsiz şəxsiyyəti və daim Azərbaycanın yüksəlişinə, dünyada layiqincə tanınmasına göstərdiyi misilsiz xidmətlər yada düşür.
Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadiminə, dünya miqyaslı siyasi liderə və dahi şəxsiyyətə məxsus ən uca keyfiyyətləri özündə birləşdirmişdi. Bu dəyərlər nadir bir vəhdətdə daim ona uğur və nüfuz qazandırmışdı. Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində qazandığı tarixi nailiyyətlərin, zəmanəmizin nadir şəxsiyyəti, görkəmli dövlət xadimi kimi tanınmasının əsas səbəbi də onun yeritdiyi siyasətin müdrikliyi və uzaqgörənliyi olmuşdur.
1969-cu il iyul ayının 14-də yerli rəhbərlikdə önəmli mövqe tutmuş, lider keyfiyyətləri ilə qısa müddətdə daha çox seçilmiş Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndə respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Əvvəlki onilliklərdə öz nefti ilə SSRİ iqtisadiyyatında lider olmuş Azərbaycan SSRİ rəhbərliyinin diqqətindən kənarda qalmışdı. Bu səbəbdən qeyri-neft sektorunun inkişafına da kifayət qədər maliyyə vəsaiti ayrılmırdı. İqtisadiyyatın bütün sahələrində inkişaf sürətinə, əhalinin həyat səviyyəsi göstəricilərinə, əmək məhsuldarlığının artımına görə Azərbaycan digər respublikalar arasında sonuncu yerlərdən birini tuturdu.
Öz xalqının maraqlarını hər şeydən uca tutan, dərin zəkalı və tükənməz enerjili milli rəhbər olaraq Heydər Əliyevin çevik, obyektiv reallığa əsaslanan siyasəti cəmi 1-2 ilə respublikamızı həyatın bütün sahələrində öncül mövqeyə yüksəltmişdi. Azərbaycan inkişaf sürətinə görə on il müttəfiq respublikalar arasında ən qabaqcıl yerdə olmuşdu.
Ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə siyasi-hərbi qarşıdurma, suverenliyin itirilməsi təhlükəsi yarananda-1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycanda vəziyyət 1969-cu ildəkindən müqayisə olunmaz dərəcədə ağır idi. Azərbaycan naşı və xəyanətkar rəhbərliyin bağışlanılmaz səhvləri nəticəsində dərin iqtisadi, siyasi, mənəvi-psixoloji böhrana düşmüşdü. İqtisadiyyat dağıdılmış, işsizlik, yoxsulluq ən yüksək səviyyəyə qalxmış, xalqın Azərbaycanın müstəqil yaşamaq imkanlarına inamı sarsılmışdı.
Böyük siyasət nəhəngi, təcrübəli dövlət başçısı Heydər Əliyev həyata keçirdiyi məqsədyönlü tədbirlərlə qısa müddətdə bu ağır problemləri aradan qaldırdı. 1996-cı ildən Azərbaycanda əsaslı sabitlik qərarlaşdı, ölkə tədricən davamlı, sürətli və hərtərəfli inkişaf yoluna çıxdı. 2000-2002-ci illərdə Azərbaycanda ÜDM hər il orta hesabla 10 faiz artdı. Ulu öndərin yeni neft strategiyasının, beynəlxalq şirkətlərlə bağlanan müqavilələrin uğurla gerçəkləşdirilməsi Neft Fonduna yüksək gəlirlər gətirdi, bu mənbədən dövlət büdcəsinə ayırmalar ciddi surətdə artdı.
Sahibkarlığa Kömək Milli Fondunun artan vəsaitləri hesabına özəl sektorda kiçik və orta sahibkarlığın inkişafı sürətləndi. 2002-ci ildə “Kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramı (2002–2005-ci illər)” qəbul edildi. Bu proqramda ilk dəfə olaraq regionlarda qeyri-neft sektorunun və sahibkarlığın inkişafına şərait yaratmaq və beləliklə, regionları inkişaf etdirmək məsələsi ayrıca qeyd olundu. 2003-cü ildə qəbul edilən “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda (2003–2005-ci illər) regionların inkişafı məsələsi daha əhatəli əksini tapdı.
2003-cü ilin mart ayında bu proqramın təqdimat mərasimində Prezident Heydər Əliyev Azərbaycan iqtisadiyyatının gələcək inkişaf konsepsiyasını və strateji məqsədlərini açıqlayaraq demişdi: “Bazar iqtisadiyyatının bütün sahələri inkişaf etməlidir. Neft Fondu onun inkişafının təminatçısıdır. Ancaq, eyni zamanda, bizim qeyri-neft sektorunda da böyük imkanlarımız vardır. Bu imkanlardan istifadə etməklə qeyri-neft sektorunu inkişaf etdirmək, yoxsulluğu və işsizliyi azaltmaq bizim vəzifəmizdir”. Qeyri-neft sektoru, əsasən, Azərbaycanın Abşerondan kənar iqtisadi rayonlarında olduğundan o zaman işsizlik və yoxsulluq da bölgələrdə daha yüksək idi. Bu səbəbdən Heydər Əliyev birinci növbədə regionlarda qeyri-neft sektorunun inkişafını və işsizliyin, yoxsulluğun azaldılmasını ciddi sosial-iqtisadi hədəf kimi qarşıya qoymuşdu.
Ulu öndər həmin çıxışında onu da qeyd etmişdi ki, bu strateji proqramın yerinə yetirilməsi gedişində onun müddəaları daha da təkmilləşdiriləcək, əlavə tədbirlər həyata keçiriləcəkdir. Tale ümummilli lider Heydər Əliyevin bu istəyinin yaradıcılıqla yerinə yetirilməsini onun ən layiqli davamçısı Prezident İlham Əliyevin üzərinə qoydu.
İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk addımlarında hazırlayıb imzaladığı “Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanında Heydər Əliyevin qarşıya qoyduğu həmin strateji vəzifəni dövlət siyasətinin üstün istiqamətlərindən biri elan etdi. Bununla ölkənin yeni rəhbəri İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olacağı barədə verdiyi vədə, ulu öndər Heydər Əliyevin Azərbaycanın hər bir bucağını inkişaf və tərəqqiyə çatdırmaq yönündə fəaliyyətinə sadiqliyini, bu siyasəti yaradıcılıqla davam və inkişaf etdirəcəyini təsdiq etdi.
Prezident İlham Əliyev həmin fərmanla, ilk dəfə olaraq, Azərbaycanın hərtərəfli inkişafından zəngin və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsindən ibarət olan uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdi. Ölkə başçısı regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının hazırlanması və icrasını bu strateji vəzifənin yerinə yetirilməsinin başlıca formatı kimi irəli sürdü. Proqramın maliyyələşdirilməsi mənbələri, icraya məsuliyyət daşıyan hökumət, dövlət orqanları bu ¬konseptual sənəddə konkret və aydın müəyyənləşdirildi.
Ölkə rəhbəri İlham Əliyev regional inkişaf dövlət proqramlarının təşəbbüskarı olmaqdan əlavə, həm də bu prosesə ümumi rəhbərlik etməklə onun uğurlu icrası üçün çoxsaylı və müxtəlif yönlü tədbirlərin həyata keçirilməsini təmin etdi. Bu tədbirlərin sırasında Prezidentin regionlara mütəmadi səfərləri və orada həyata keçirilən işlərlə yerindəcə tanış olması mühüm yer tutur.
Prezident hamıdan yaxşı bilir ki, dövlət proqramlarını hökumət strukturları, alimlər, mütəxəssislər işləyib hazırlasalar da onların icraçısı xalqdır. Yerlərdə adamların bu proqramlarda qarşıya qoyulan vəzifələrin əhəmiyyətini dərindən başa düşməsi, regional siyasəti dəstəkləməsi, onun icrası gedişində qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması uğur qazanmağın başlıca təminatıdır. Odur ki, Prezident mütəmadi olaraq regionlara səfərlər etmiş, xalqın istəklərini öyrənmiş və qarşıya çıxan problemlərin həlli üçün lazımi tədbirlər görmüşdür. Bütün bunlar indiyə qədər icra edilmiş üç regional inkişaf dövlət proqramının (2004--2008, 2009--2013, 2014--2018) uğurla yerinə yetirilməsini təmin etmişdir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının köməyi ilə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi strateji xəttin gerçəkləşdirilməsi neft strategiyasının və əsaslı islahatların uğurları ilə qazanılmış imkanlardan bütün ölkənin bəhrələnməsində konkret və həlledici addımlar olmuşdur.
Bu proqramların reallaşması nəticəsində respublikamız bazar iqtisadiyyatına keçid vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmiş, dünya iqtisadiyyatına hərtərəfli inteqrasiya olunmuş, ölkəmizin maliyyə imkanları artmışdır. Artıq Azərbaycan kənar kapitala möhtac dövlətdən böyük maliyyə ehtiyatlarını ixrac edən ölkəyə çevrilmişdir.
Bu proqramlarla ¬Prezident İlham Əliyev iqtisadi sahələrin, sahibkarlıq formalarının proqramlarla idarə olunmasından regionların, bütövlükdə, respublika iqtisadiyyatının proqramlarla idarə olunmasına keçidi təmin etmişdir. Azərbaycan bu proqramlarla bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq, problemlərini öz gücü ilə həll etmək qabiliyyətindədir. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı üzrə birinci proqramın müvəffəqiyyətlə yerinə yetirilməsi xalqda Azərbaycanın müstəqil yaşamaq imkanına, Prezidentin sosial-iqtisadi siyasətinin düzgünlüyünə inamı artırdı.
Məlumdur ki, həmin proqramların qəbulunda əsas məqsəd davamlı, hərtərəfli inkişafa nail olmaq idi. Keçən illərdə bu məqsədə nail olunmuşdur. Dövlət proqramlarının uğurlu icrası ilə ÜDM 3,3, qeyri-neft sektoru 2,8, sənaye məhsulu 2,6, kənd təsərrüfatı məhsulu 1,7 dəfə artmışdır. Ölkənin maliyyə vəziyyəti xeyli möhkəmlənmişdir. Belə ki, hazırda valyuta ehtiyatı 50 milyard dollara çatmışdır.
Regional sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq bölgələrdə sənayenin müasir ərazi təşkili formaları- texnopark, sənaye parkı, sənaye məhəlləsi sürətlə inkişaf edir. Hazırda regionlarda 9 sənaye parkı, sənaye məhəlləsi, texnopark yaradılmışdır. Bunlardan 80-ə yaxın rezident qeydiyyatdan keçmişdir, əksəriyyəti artıq fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, 2015-ci ildən ölkədə aparılan dərin islahatlar 2017-ci ildən başlayaraq qeyri-neft sektorunun inkişafında yeni mərhələnin başlanmasına səbəb olmuş, 2017-- 2018-ci illərdə, eləcə də bu il iqtisadiyyatın bütün sahələrində artım müşahidə olunmuşdur.
Regional inkişaf proqramlarına uyğun olaraq, Azərbaycanda əvvəllər kəskin xarakter daşıyan işsizlik, yoxsulluq kimi problemlər müvəffəqiyyətlə həll edilmişdir. Son illərdə Azərbaycanda sosial problemlərin daha əsaslı həlli, əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində böyük layihələr icra olunmuşdur. Bu il həyata vəsiqə alan sosial paketlər 4 milyondan çox insanı əhatə etmişdir.
Regionların inkişafı üzrə dövlət proqramlarını müvəffəqiyyətlə yerinə yetirməklə Azərbaycan 15 ildən artıqdır ki, iqtisadi inkişaf, əhalinin rifahının yaxşılaşması, davamlı insan inkişafı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini əks etdirən göstəricilərin artım sürətinə görə dünyanın 10 sürətlə inkişaf edən ölkəsi sırasındadır. Bu dövrdə əhalinin sağlamlığının qorunmasına, mədəni və təhsil səviyyəsinin yüksəlməsinə böyük diqqət yetirilmiş, yüzlərlə tibb müəssisəsi, minlərlə məktəb tikilmiş və təmir edilmişdir. Şəhərlərin bir çoxunda olimpiya idman kompleksləri inşa olunmuşdur.
Azərbaycan beynəlxalq miqyasda da kifayət qədər layiqli yer tutmuşdur. 2013-cü ildə “Qlobal rəqabət qabiliyyətlilik indeksi”nə görə Azərbaycan dünyada 46-cı yeri, 2018-ci ildə 35-ci yeri, MDB-də 1-ci yeri tutmuşdur. Dünya Bankının “Doing Business -2019” hesabatında Azərbaycan 32 pillə yüksələrək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci pilləyə yüksəlmişdir.
Regional inkişaf proqramlarının tam həcmdə yerinə yetirilməsi respublikanın bütün regionlarının inkişafında bir çox yeni keyfiyyətlərin əmələ gəlməsinə səbəb olmuşdur.
Əvvəla, bütün regionlarda iqtisadiyyatın gələcək inkişafı, güclü sənaye potensialının yaranması və əhalinin həyat və məşğulluq səviyyəsinin yüksəlməsi üçün əsas ola bilən güclü istehsal və sosial infrastruktur yaranmışdır. Regional proqramlara uyğun olaraq, respublikamızda əsas infrastruktur sahəsi olan energetikanın inkişafı və enerji sisteminin formalaşmasına böyük diqqət yetirilmişdir. 16 ilə yaxın müddətdə ümumi gücü 2900 meqavat olan elektrik stansiyaları, çoxsaylı güc şəbəkələri tikilib istifadəyə verilmişdir. Azərbaycanın hər bir iqtisadi rayonunda elektrik stansiyaları tikilmişdir və region əsasən öz istehsalı hesabına özünü enerji ilə təmin edir. Hazırda Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan, Rusiya, Gürcüstan, İran regional enerji sistemi formalaşmışdır.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP boru kəməri, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə paralel gerçəkləşmiş tarixi layihələrdir. Bütün bunlar Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə rolunun artmasında, xarici əlaqələrinin genişlənməsində çox mühüm rol oynayır və əslində, Azərbaycanın inkişafında yeni dövrün başlanmasının əsasını təşkil edir.
Regional inkişaf proqramları ölkə əhalisinin qazla, su ilə təminatının yaxşılaşmasında müstəsna rol oynamışdır. Qazlaşdırma 2004-cü ildəki 51 faizdən 2019-cu ilə 96 faizə, içməli su ilə təminat 26 faizdən 80 faizə çatmışdır. Kənd təsərrüfatının su təminatını yaxşılaşdırmaq üçün 4 su anbarı tikilmiş, 100 min hektardan çox suvarılmayan torpaqlara su kanalları çəkilmiş, çoxsaylı müasir sutəmizləyici qurğular işə salınmışdır.
Yol-körpü həyatdır. Dövlət proqramlarında bu sahələrdə qarşıya qoyulan vəzifələrə uyğun olaraq, 15 min kilometrdən çox yol çəkilmiş, 443 körpü tikilmişdir. Bunun nəticəsində kəndlərlə rayon mərkəzləri və şəhərlər arasında gündəlik əlaqələr asanlaşmış və intensivləşmişdir.
İkincisi, keçən illərdə regionlarda qeyri-neft sektoruna aid başlıca olaraq kiçik və orta müəssisələr tikilmişdir. Bunların böyük bir hissəsi, əsasən, kiçik və orta şəhərlərdə yerləşdirilir. Belə ki, 2004--2008-ci illərdə istifadəyə verilmiş 27 min 572 müəssisənin 40 faizi, 2009--2013-cü illərdə işə düşmüş 20 mindən çox müəssisənin 75 faizi regionların payına düşmüşdür. Respublikada fəaliyyətdə olan sənaye müəssisələrinin təqribən 45 faizdən çoxu regionlarda, əsasən də kiçik və orta sahələrdə (Naxçıvan, Ağstafa, Şəmkir, Zaqatala, Qazax, Qəbələ, Şamaxı, Xaçmaz, Lənkəran, Masallı, Biləsuvar, Şabran, İsmayıllı, İmişli) yerləşir.
Bunlar isə 2008-ci ildən başlayaraq əvvəllər aqrar mərkəz olan kiçik şəhərlərdə yeni istehsal və xidmət müəssisələrinin yerləşməsinə, onların sənaye və aqrar sənaye mərkəzləri kimi inkişafına, yeni şəhər və qəsəbələrin yaranmasına səbəb olmuşdur. Son 15 ildə respublikada 9 yeni şəhər yaranmış, onların sayı 69-dan 78-ə, qəsəbələrin sayı 2 dəfə artaraq 130-dan 261-ə çatmışdır. Respublikada hər min kvadratkilometr əraziyə 3 qəsəbə və 1 şəhər düşür.
Digər tərəfdən tikilmiş və tikilməkdə olan müəssisələr regionların inkişafında fərqlərin müəyyən dərəcədə azalmasına və tarazlı regional inkişaf proseslərinin başlanmasına səbəb olmuşdur. 2009--2018-ci illərdə tikilmiş müəssisələrin və ümumi investisiya qoyuluşunun 70 faizindən çoxu Abşerondan kənar iqtisadi rayonların payına düşmüşdür. Son illərdə ÜDM-in ümumi artımına nisbətən qeyri-neft sektorunda məhsul istehsalının daha sürətlə artması da regionların tarazlı inkişafına müsbət təsir göstərmişdir. Nəticədə, Abşeron iqtisadi rayonunun Bakı şəhərilə birlikdə əsas kapitala investisiya qoyuluşunda xüsusi çəkisi 2003-cü ildəki 94,6 faizdən 2017-ci ildə 68 faizə düşmüşdür. ÜDM istehsalında isə bu rayonun payı 2008-ci ildəki 81 faiz 2017-ci ildə 70,9 faiz olmuşdur. Beləliklə, ÜDM istehsalında və əsas kapitala investisiya qoyuluşunda regionların xüsusi çəkisi sürətlə artmaqdadır.
Dağlıq Qarabağın və ona yaxın bir neçə rayonun Ermənistanın işğalı altında olması regionların iqtisadi göstəricilərdə xüsusi çəkisini azı 5--6 faiz aşağı salır. Əgər bu cəhəti də nəzərə alsaq, onda Abşeron iqtisadi rayonunun Bakı şəhərilə birlikdə xüsusi çəkisi, təqribən, ÜDM üzrə 65 faizə, sənaye məhsulu istehsalında isə 83--84 faizə, əsaslı kapital qoyuluşunda 60 faizə düşə bilər. Bütün bunlar regional inkişaf proqramları dövründə bölgələrin tarazlı inkişafında böyük nailiyyətlər qazanıldığını göstərir.
Üçüncüsü, 2009-cu ildən başlayaraq bir çox orta və böyük şəhərlərdə sənayenin müxtəlif sahələrinə aid nisbətən böyük müəssisələr (Gəncə Alüminium İstehsalı Zavodu, Bakı Gəmiqayırma və Məişət Tullantıları Emalı zavodları, Sumqayıtda, Mingəçevirdə, Neftçala, Masallı və s. şəhər və rayonlarda çoxsaylı müəssisələri birləşdirən texnopark, sənaye parkı, sənaye məhəlləsi və zonaları yaranmış, Qaradağda sement zavodu, Şirvan şəhərində 800 min kvt gücündə istilik elektrik stansiyası, Bakıda 409 min kvt gücündə Şimal- 2 elektrik stansiyası, Sumqayıtda 525 mvt gücündə elektrik stansiyası və s.) tikilmişdir. Bunlar da yaxın gələcəkdə sənayenin ərazi təşkilində yeni keyfiyyətlərin yaranmasına, Qaradağ-Səngəçal-Ələt qəsəbələri bazasında böyük ərazi-istehsal komplekslərinin formalaşmasına və sənaye istehsalının səmərəliliyinin yüksəlməsinə əlverişli şərait yaradır.
Prezident İlham Əliyev 2011-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş konfransda sənaye müəssisələrinin tikintisində əldə olunmuş nailiyyətləri xüsusi qeyd etmiş və demişdir: “Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli strategiyamızı müəyyən edəcəkdir”. Beləliklə, bu müəssisələr və yeni tikilən nisbətən böyük müəssisələr Azərbaycanın müasir sənaye siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. 2014-cü ilin respublikamızda sənaye ili elan edilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər bu çox vacib sahənin inkişafına yaxın illərdə də böyük diqqət yetiriləcəyini göstərir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədinin respublikamızı hərtərəfli inkişaf etdirməkdən, zəngin və iqtisadi cəhətdən qüdrətli dövlətə çevirməkdən ibarət olduğunu xüsusi mərasimlərdə, regionlara, xarici ölkələrə səfər və görüşlərində dönə-dönə qeyd edir. Bu məqsədə çatmağın əsas istiqamətləri isə Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf konsepsiyasında çox aydın müəyyənləşdirilmişdir. Bunlar iqtisadiyyatın çoxşaxəli, davamlı və innovasiya yönümlü inkişafından, onun modernləşməsi, səmərəliliyinin və rəqabət qabiliyyətinin artmasından ibarətdir.
İndi əsas vəzifə bu strateji xəttin regionların inkişafına düzgün tətbiqindən, dövlət strukturları işçilərinin, elmi qüvvələrin və sahibkarların səylərinin bu vacib vəzifələrin yerinə yetirilməsinə səfərbər etməkdən ibarətdir. Bu yolda yaşlı nəslin təcrübəsindən, orta nəslin təşkilatçılıq qabiliyyətindən və gənc nəslin işgüzarlığından sıx əlaqədə istifadə olduqca vacibdir.
İnanırıq ki, ötən 16 ildə olduğu kimi, üzümüzə gələn yeni ildə də Prezident İlham Əliyevin müdrik və məqsədyönlü rəhbərliyi ilə dövlətimizin apardığı düzgün siyasət Azərbaycana yeni-yeni uğurlar gətirəcək, regionlarımızın inkişaf səviyyəsi daha da yüksələcəkdir.






скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN