Hacıqabul rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını bildirir. Şikayətçinin "Təzadlar"a göndərdiyi müraciət ölkə başçısı cənab İlham Əliyevə ünvanlanıb.
Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Bu il aprelin 28-də 6 ay öncə Hacıqabul rayon İcra Hakimiyyətinə başçısı təyin olunan Rüstəm Xəlilovun köməkçisi Afiq Kərimov tərəfindən onun qəbul otağına çağırıldım. İcra başçısı R.Xəlilov mənə dedi ki, "səninlə və keçmiş kollektivlə işləmək istəmirəm, get, ərizəni yaz, işdən çıx". Mən icra başçısına heç bir söz deməyib otaqdan çıxdım. Başçının köməkçisi Afiq Kərimov mənə dedi ki, "get, yaz ərizəni, sənə dedim axı, o, səni işdən çıxarmaq istəyir. Niyə uzadırsan vaxtı? Geci-tezi sənə töhmət verib çixardacaq işdən. Ən yaxşısı yaz ərizəni, rəhbər odur və mən də səndən tələb edirəm".
Düzü, o anda nə edəcəyimi bilmirdim, hədə-qorxu altında ərizəmi yazıb işdən cıxdım. Ərizəmi yazdığım vaxt affekt vəziyyətində olmuşam və sonra geri qayıdıb Afiq Kərimovun yanında ümumi kadrlar şöbəşindən ərizəmin geri qaytarılmasını istədim, lakin o, mənə «elə şey yoxdur» dedi. Beləcə, yarım saatın içində məni işdən azad etdilər.
Cənab Prezident!
Rəhbər orqanlara tapşırıq və göstəriş vermisiniz ki, heç bir işçini işdən azad etmək olmaz, lakin görünür, sizin dediyiniz bu sözlər Rüstəm Xəlilov eşitməyib. Ölkəmizin koronavirusla mübarizə apardığı dövründə mənə qarşı haqsızlıq oldu. Bizim üçün koronavirus pandemiyası heç nədir, onu sağaltmaq olur. Lakin bizim rəhbər vəzifədə işləyən bəzi insanlarımızın damarlarında axan qandakı virusu təmizləmək çox çətindir. Mən başa düşürəm, bu cür ağır bəlanın öhdəsindən gəlmək çətindir. İcra başçılarının həbsi sübut etdi ki, onlar vətəndaşlarımızın qayğısına qalmırlar.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov mənim ailə vəziyyətimi nəzərə almayaraq, yarım saat içində gələcək taleyimin müqəddəratını həll etdi. Vəzifədə olarkən ikiüzlü, fırıldaqçı, rüşvətxor olmadığım üçün mən belə vəziyyətdə nə etməliyəm?! Səhəri gün valideynlərimlə birgə işə gəldim. Başçı Rüstəm Xəlilov ailəmi dinləyər bəlkə, fikrindən dönər, məni yenidən işimə bərpa edər deyə fikirləşdim. Lakin təəssüflər olsun ki, bu belə olmadı, o, valideynlərimi qəbul belə etmədi. Mən ailəmlə birlikdə evə qayıtdım. Sizdən xahişim odur ki, mənim işimə qaytarılmağım üçün köməklik edəsiniz.
Cənab Prezident!
Mən 26 may 2014-cü il tarixdən işə qəbul olmuşam, 2-ci dərəcəli dövlət qulluqçusu, Prezident İdarəçilik Akademiyasının rəhbər kadrların hazırlanması kafedrasının, dövlət və bələdiyyə idarəetməsi fakültəsinin 2-ci kurs magistr (qiyabi) tələbəsiyəm. 2008-ci ildən YAP-nın üzvüyəm. Orta məktəb illərində çox fəal şagird olmuşam. Qarasu əməliyyat şirkətinin göstərişi ilə 2006-ci ildən oxuduğum Haciqabul rayon 4 saylı orta məktəbindən digər şagirdlərdən fərqlənərək yarışın qalibi olmuşam. Respublika üzrə məni layiq bilib Kanada ölkəsində bir aylıq yay düşərgəsi "WYNCHEMNA INTERNATIONAL LANGUAGE LEARNINQ CENTRE" tipli dil mərkəzindən diplomla təltif olunub, bir ay Kanadada yaşamışam. Eyni zamanda, ölkəmizin milli mental dəyərlərini təbliğ etmişəm. “National food” günündə ölkəmizin milli mətbəxinin də qalibi bizim ölkə olmuşdur. 200 ölkə arasında Azərbaycandan 4 nəfərdən biri də mən olmuşam. Mən özümü tərif etmirəm, sadəcə, bilməyinizi istəyirəm ki, gənc, savadlı, işini bilən bir kadr niyə hədə-qorxu, şantajla işdən uzaqlasdırılır?
Elə sözlər var ki, cənab Prezident, bunu sizə yazmaq və demək olmur. Koronavirusla mübarizə apardığımız ağır bir zamanda gənc bir işçiyə, xanıma təzyiq göstərərək onu işdən çıxarmaq nə dərəcədə doğrudur.
Sizin dediyiniz kimi, icra basçıları yerlərdə özbaşınalıq edir, sizin gənc kadr siyasətinizi dəstəkləmirlər. Əksinə, işini bilən savadli, rüsvət almayan kadrları sıxışdırıb işdən çıxarırlar. Mən öz vicdanımı, şərəf və ləyaqətimi üstün tutub qorxu altında ərizə yazdim. Həmin ərizəmi kriminalistikada işləyən mütəxəssis də araşdırıb nəticə çıxara bilər. Sonradan peşman olub geri qayıtdım ki, ümumi kadrlar şöbəşinin müdiri Mehbarə Cəfərovaya söylədim ki, ərizəmi geri götürüm, o, isə dedi, «mən kiməm sənə ərizəni geri qaytarım». Əslində o, bir xanim kimi mənə dəstək olmaq əvəzinə, Rüstəm Xəlilovun tapşırığıni yerinə yetirdi.
Ailədə işləyən tək mənəm. Atam İmanov Museddin Cəfər oğlu ehtiyatda olan zabitdir, hərbi xidmətdə zədə aldığına görə 2-ci qrup əlildir.
Anam İmanova Səkinə Arazxan qızı 2-ci qrup şəkərli ağır diabet xəstəsidir. Eyni zamanda, hər iki gözü əməliyyat olunub, ayaq barmağının üçü şəkəri yüksək olduğu üçün çürüyüb və amputasiya edilib. Qardaşım İmanov Mustəqin Musəddin oğlu anadangəlmə lal və kardır, ikinci qrup əlildir. Ailədə yeganə sağlam insan mənəm və mən də işdən azad edilmişəm. Atam, anam, qardaşım və mən də daxil olmaqla bank kreditlərimiz var.
Cənab Prezident!
Mən həm də tələbəyəm, qiyabi təhsil alıram. Sizdən xahiş edirəm, mənim işimə bərpa olunmağıma kömək edəsiniz". Şkayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Baxın görün Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Rüstəm Xəlilovun köməkçisi Turanə İmanovanı necə təziq göstərib aldadır.... Şok səs yazısı... Şahmar Zərdabinin sözlərinə Görə Afiq Kərimli və Rüsrəm Xəlilov onu polis və prokurorluqla hələdəyib... Şahmar Zərdabi isə -Qoymayın üstümə rüsəm gəlir sozləri ilə ironik şəkildə zarafatla cavab verdi...