SON DƏQİQƏ

"Green Card" nədir və ya azərbaycanlıların amerikalı olmaq arzusu...

Tarix:17-05-2018, 18:43

Hərfi tərcümədə "yaşıl kart" adlandırılan “Green Card”ın rəsmi adı ABŞ Müxtəliflik vizasıdır. Adətən il ərzində bir dəfə, müəyyən sayda viza müxtəliflik vizası lotereya proqramı vasitəsi ilə ABŞ-a az sayda miqrasiya etmiş ölkə və regionlar üzrə bölünür, həmin ölkə vətəndaşlarına ayrılmış kvota əsasında, təsadüfi seçimlə təqdim olunur. Lotereya proqramı ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilir.

Lotereyada seçilmək hələ ABŞ-a Müxtəliflik Vizası almaq demək deyil. Bundan sonra sənədlər toplanır, ABŞ-ın müəyyən ölkələrdəki konsulluqları "Green Card" qazanmaq şansını əldə etmiş şəxslərin sənədləri ilə tanış olur, müsahibə edir və ondan sonra yekun qərar verilir. Qərar müsbət olursa, lotereya qalibi təkcə özünə yox, həyat yoldaşı, övladı üçün də ABŞ-da yaşamaq və işləmək, təhsil almaq və digər bir çox fürsətlərə qapı açan bu daimi yaşamaq icazəsini əldə edir. Lotereya proqramında qalib gələn şəxs üçün isə minimum tələblər çox sadədir. Ya orta məktəb təhsilli olmaq, yaxud da 2 il iş təcrübəsi olmaq. Bu iki tələbi ödəyən şəxslər, adətən müsahibədən keçirlər.

Ekspert Bəxtiyar Hacıyev  açıqlamasında bildirib ki, “Green Card” - Müxtəliflik Vizası lotereya qalibi ABŞ-da daimi yaşamaq icazəsi alır və səs vermək, seçilmək hüquqlarından başqa digər bütün məsələlərdə ABŞ vətəndaşı ilə eynihüquqlu şəxsə çevrilir: “Onlar ABŞ Sosial Sığorta nömrəsi alır, müxtəlif ştatlar üzrə təhsil haqlarını öz ştatlarındakı ABŞ vətəndaşlarına uyğun, yəni, dəfələrlə daha az ödəyirlər, iş imkanlarında məhdudiyyət olmur. "Green Card" qazanmış şəxs və ya cütlük ABŞ-a köçərsə və övladları dünyaya gələrsə, onların övladları birbaşa ABŞ vətəndaşı olur. "Green Card" ABŞ vətəndaşlığı olmadığı üçün, ikili vətəndaşlığa icazə verməyən ölkələrin vətəndaşı olan bir şəxs eyni zamanda başqa bir ölkənin də vətəndaşı ola bilər. İstədiyi vaxt ABŞ-a səfər edə bilər, orada istədiyi qədər qala bilər, müəyyən prosedurları keçdikdən sonra, bir neçə il müddətində ABŞ vətəndaşı ola bilər. İşin mənfi tərəfi bu prosesin uzun çəkməsi, ABŞ-dan kənarda 6 aydan artıq müddətdə qalmağın "green card" statusunun ləğv edilməsi ilə nəticələnə bilər. Məsələn, kiminsə əsas işi Azərbaycandadır və "Green Card" qazanıbsa, o, mütləq hər 6 aydan bir ABŞ-a səfər etməlidir ki, bu statusu qorusun. Hər hansı səbəbdən 7 ay ABŞ-dan kənarda qalarsa, bu statusu itirə bilər.

Azərbaycanlıların amerikalı olmaq arzusunun hardan qaynaqlanmasına gəldikdəsə, Bəxtiyar Hacıyev bildirdi ki, bu, təkcə azərbaycanlıların yox, dünyanın bir çox ölkəsinin vətəndaşlarının arzusudur: “Son illərdə nəinki qanuni, müxtəliflik vizası yolu ilə, hətta qanunsuz olaraq ABŞ-a miqrasiya cəhdlərinin sayı artıb. Bir çox insan ABŞ-a səfər üçün tələbə və turist vizası üçün müraciət edir və sərhədi keçdikdən sonra bir daha Azərbaycana qayıtmaq istəmir. Buna görə də ABŞ səfirliyinin Konsulluq şöbəsi bir çox insanın ölkəmizə geri qayıtmayacağını düşünərək, bundan şübhələnərək, viza müraciətlərinə rədd cavabı verir. Azərbaycanlıların ABŞ-a səfər, amerikalı olmaq arzusunun kökündə isə çox sadə səbəblər var - ABŞ-dakı hər bir insana bərabər imkanların təklif olunması, azad, rəqabətli, ədalətli mühitin olması, geniş təhsil və iş imkanları, heç kimin müdaxilə edə bilməyəcəyi mülkiyyət və digər hüquqların ən yüksək səviyyədə qorunması və s. Təbii ki, Azərbaycandan ABŞ-a miqrasiya edən hamı orada böyük şirkətlər qurmur, dövlət idarəçiliyində yüksək postlar tutmur. Ancaq ABŞ-a sonuncu səfərim zamanı onlarla gənclə görüşmüşdüm ki, Azərbaycanda bakalavr, magistratura, doktorantura pillələrində təhsillərini bitirsələr də, öz ixtisaslarına uyğun iş tapa bilməmişdilər, illərlə işsizlikdən əziyyət çəkmişdilər, sonra ABŞ-da kiçik işlərlə Azərbaycandakı bir çox iş adamı, alim, məmurdan dəfələrlə çox gəlir əldə edirdilər. Məhz belə fürsətlərə görə hər il ABŞ-a miqrasiya etmək istəyənlərin sayı sürətlə artır”.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Müxtəliflik Vizası Lotereya Proqramı elə adi lotereya kimi, tam təsadüfi seçimlərlə aparılır. Bundan sonrakı mərhələ isə müsahibələr yolu ilə konsulluq əməkdaşlarının müraciətlərə, sənədlərə baxması ilə davam edir. Bu isə, bir çox insanı narahat edir. Çünki, başqa ölkələrdə miqrasiya siyasəti fərqlidir və daha çox müxtəlif kriteriyalara uyğun olan şəxslər açıq, şəffaf proseslə seçilirlər. Hazırki sistemdə bəzən ABŞ-a miqrasiya etməyi çox istəyən, orada bir çox işlərə imza ata biləcək şəxslər lotoreya qalibi olmur. Ancaq sırf maraq üçün, şansını yoxlamaq üçün müraciət edənlərdən kimsə qalib olur və bu şansdan imtina edir.

Son zamanlar ABŞ Prezidenti Donlad Tramp da bu lotereya proqramının yanlış siyasət olduğunu, ABŞ-a yalnız layiq olan şəxslərin gəlməli olduğunu qeyd edir. ABŞ artıq Müxtəliflik Vizasının lotereya ilə yox, müəyyən kriteriyalara cavab verən şəxslər arasında açıq, şəffaf proseslə paylanılması istiqamətində işlərə başlayıb.

“Green Card” lotereyasının nəticələr hər il 15 may tarixindən başlayaraq açıqlanmağa başlanır. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə lotereyanı qazananların sevincinin, qazana bilməyənlərin isə məyusluğunun şahidi oluruq.

Tam təsdiqlənənə qədər adının açıqlanmasını istəməyən Sona Əliyeva (ad şərtidir) bu günlərdə “Gren Card” qazandığını öyrənib.   “Bir gün atam dedi ki, yaxın qohumumuz “Green Card” udub və ABŞ-a köçürlər. Qohumumdan “Green Card” haqqında ətraflı maraqlandım və nişanlımla başladıq, hər il lotereyada iştirak etməyə. 4 dəfə ard-arda lotereyada iştirak etdik və nəhayət qazandıq. Bu müddət ərzində artıq evlənmişik. Nə deyim? Sevincimin həddi-hüdudu yoxdur. Valideynlərimiz ABŞ-a köçəcəyimizi eşidəndən şokdadırlar. Var gücləri ilə bizi fikrimizdən daşındırmağa çalışırlar. Amma biz artıq yoldaşımla qərarımızı vermişik. Uşağımızı ABŞ-da böyüdəcəyik”.

Ailəsi ilə birgə birdəfəlik ABŞ-a köçmək istəyən Sonadan sonra ABŞ təcrübəsi keçmiş Şamil və Aynur Əlibəyli cütlüyünün fikirlərini öyrənirik. Cütlük  ötən il “Green Card” qazanmışdı və ABŞ-a köçmüşdü. Bu ay isə vətənə dönüblər.

Şamil lotereyada ikinci dəfə iştirak etdiyini, “Green Card”ı həyat yoldaşının birinci cəhddən udduğunu deyir: “Onun hesabına mən də “Green Card” qazandım. “Green Card” bizə ancaq ABŞ-a vizasız getməyə, yaşamağa, qanuni şəkildə işləməyə (dövlət işlərindən başqa) imkanı verdi. Başqa şeyləri, məsələn evin, işin tapılması, sığorta və s. özün həll etməlisən. ABŞ-da 6 ay yaşadıq. Yaşayış əvvəldə əlbəttə ki, çətindir. Əgər İT, neft, maliyyə sahəsində yaxşı təhsilin yoxdursa, biznes açmaq üçün özündə kifayət qədər pul yoxdursa, əvvəli çətin olur. Bu çətinliklər 1, 2, 5 il, hətta daha uzun müddət çəkə bilər. Belədir ki, Azərbaycanda 700 manat qazanıb, normal yaşamaq olursa, ABŞ-da 2000-2500 dollar qazanıb, özünü birtəhər dolandırmaq olar. Yəni, adam fikirləşir ki, ABŞ-da adam çox qazanır, əla yaşayır, amma oranın da öz xərcləri var və az deyil. İş tapmaq isə çox asandır. Bəlkə vakansiyaların sayı işçiləri sayından da çoxdur, ona görə də adamlar bəzən iki, ya üç işdə çalışır. Yəni, süpürgəçidən tutmuş, İT mühəndisinə qədər iş tapmaq olur. Mən kassir, oteldə “front desk manager” və restoran işçisi işləmişəm”.

- Niyə döndünüz?

- Qayıtmağımızın səbəbi özəldir, ona görə də bu barədə danışmaq istəmirəm.

- ABŞ-la bağlı gözləntiləriniz doğruldumu?

- ABŞ televizordan super görsənir. Əlbəttə, oranın gözəl təbiəti, qayda-qanunu var, amma ümumilikdə ABŞ adi bir kapitalist dövlətidir. 1 gün işləməsən, 1 gün ac qalacaqsan. Yəni maaş işlədiyin saata uyğun verilir. Gün ərzində 8 saat işləməsən, pul almırsan. Oranın öz üstünlükləri və öz çətinlikləri var. Yaxşı təhsil almaq olar, amma bu da zəmanət vermir ki, axırda gedib, “McDonalds”da işləməli olacaqsan. Orada da polis özbaşınalığı, korrupsiya halları var. Şəhərdə təhlükəsizlik problemləri mövcuddur, məktəblərdə təhsil səviyyəsi getdikcə aşağı düşür. Yəni, biz hər zaman televizorda xarici dövlətlərin gözəlliklərini, üstün cəhətlərini görürük, amma onun iç dünyasını gərək, öz gözünlə görəsən, müqayisədən sonra son nəticəni qəbul edəsən.

Hər il dünyanın müxtəlif ölkələrinin vətəndaşları üçün 50 000 müxtəliflik vizası lotereya proqramı vasitəsi ilə verilir. Bu göstərici müxtəlif ölkələr üzrə qeyri-bərabər şəkildə paylanır. Bəzi ölkələrdə 3, 10, 20 nəfər qalib gəldiyi halda, bəzi ölkələrdə bu say 2000-3000 nəfərə qədər arta bilir. Ancaq heç bir halda, hansısa ölkənin vətəndaşları ümumi viza sayının 7 faizindən artığını qazana bilməz. Ötən il 961 nəfər Azərbaycan vətəndaşı “Green card” lotereyasında qalib gəlmişdi. Qonşularımızdan Rusiyada 4500 nəfər, Türkiyədə 4300 nəfər, Ermənistanda 2844 nəfər, Gürcüstanda isə 1194 nəfər qalib olmuşdu.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN