Demokratlar ABŞ prezidentindən izahat tələb edirlər
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu günlərdə ABŞ-da səfərdə olub.
Xarici medianın verdiyi xəbərə görə, Narışkin burada ABŞ Milli Kəşfiyyatnın direktoru Den Koutsla və ABŞ xüsusi xidmət orqanlarının digər rəhbərləri ilə görüş keçirib.
Bununla bağlı “New York Daily News” qəzeti öz mənbələrinə əsaslanaraq eksklüziv məlumat verib.
Lakin Narışkinin əslində görüşdüyü ən vacib dövlət adamının kim olduğu açıqlanmayıb.
Rusiya tərəfi məxfi görüşlə bağlı informasiyanı artıq təsdiqləyib. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səfərin əsl məqsədinin gizli xarakter daşıdığını, iki ölkənin kəşfiyyat strukturları arasında ən çətin məqamlarda belə bütün kontaktların saxlanıldığını diqqətə çatdırıb.
Xəbər ABŞ-ın müxalifətdə olan Demokrat parityasının ciddi narazılığına səbəb olub. ABŞ Senatında Demokrat partiyasının fraksiyasının rəhbəri Çak Şumer Narışkinin gözlənilməz gəlişi ilə bağlı yaranan müəmmaya aydınlıq gətirliməsini tələb edib.
“Tramp administrasiyası dərhal bu məsələni açıqlığa çıxarmalı və yaranan suallara cavab verməlidir. Çünki bu adam tək gəlməyib. Onunla gələnlərin arasında ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər də olub. Bəs necə olur ki, Ağ EV bunları bizim ölkəyə buraxıb”, - senator jurnalistlərlə söhbətində hiddətini ifadə edib.
Maraqlıdır ki, Sergey Narışkinin özü də ABŞ Maliyyə nazilriyinin ən yeni sanksiya siyahısında olanların başında gələn Rusiya rəhbərlərindən biridir.