Britaniya Ali Məhkəməsi baş nazir Tereza Meyə «Brexit»lə (ölkənin Avropa Birliyindən çıxması) bağlı prosesi parlamentin razılığı olmadan başlatmağa icazə verməyib.
Məhkəmənin 11 hakimindən 8-i bu qərarın lehinə səs verib.
Britaniya parlamentinin bu barədə qərarı isə martın 31-də bəlli olacaq.
Parlamentarilər razılıq verməsə, baş nazir ölkənin Avropa Birliyindən çıxması ilə bağlı danışıqları başlada bilməyəcək.
Xatırladaq ki, ötən il iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa Birliyinin tərkibindən çıxmasına səs verib.
Referendumun nəticələri dünya bazarlarını silkələyib və bütün aparıcı birjalar 3-10% eniş nümayiş etdirib. Funt-sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib.
Ötən ilin noyabrında London Ali Məhkəməsi Tereza Meyin «Brexit»lə bağlı prosesi başlatmaq üçün parlamentin razılığını almalı olduğu barədə qərar çıxarmışdı. Qərardan razı qalmayan baş nazir yuxarı instansiyaya müraciət etmişdi.
Onu da qeyd edək ki, dekabrda parlamentin Nümayəndələr Palatası hökumətin «Brexit» planını dəstəklədiyini bəyan etmişdi.